Mercedes-Benz markasının model xətti tezliklə yeni CLE indeksli model ilə tamamlanacaqdır. Yeni Mercedes-Benz CLE modeli mövcud olan bir neçə avtomobili əvəzləyəcəkdir: C-Class Coupe, C-Class Cabriolet, E-Class Coupe və E-Class Cabriolet. Satışları arzu edilənin altında olan modelləri təqaüdə göndərərək, onları yeni avtomobil ilə əvəzləmək qərarlaşdırılıb.
Mercedes-Benz CLE modeli kupe və kabriolet kuzovları ilə təklif ediləcək, ancaq ölçülərinə görə C-Class və E-Class modellərinin düz arasında olacaqlar. Yeni indeksin peyda olması barədə məlumat 2020-ci ildə ortaya çıxıb.
“AutoExpress” nəşrinin Mercedes-Benz şirkətindəki mənbələrinə istinadən verdiyi məlumata görə, alman istehsalçısı yeni nəsil C-Class kupesinin əvəzinə CLE indeksini alacaq tamamilə yeni bir modeli buraxacaqdır. Üstəlik, bu model daha böyük E-Class kupesi və kabrioletini də əvəzləyəcəkdir.
Beləliklə, Mercedes-Benz şirkəti iki ikiqapılı modeli bir yenisi ilə əvəzləyərək model xəttini əhəmiyyətli dərəcədə sadələşdirmək niyyətindədir. İnsayderlərin bildirdiyinə görə, CLE-Class modeli bazara həm kupe, həm də yumşaq damlı kabriolet formatında çıxacaqdır. Yeni model hazırkı C-Class və S-Class sedanları kimi MRA platformasında inşa ediləcəkdir.
Yeni Mercedes-Benz CLE-Class modelinin 2022-ci ildə debüt edəcəyi, bir il sonra isə Avropada satışa çıxarılması gözlənilir. Çox güman ki, yeni model mühərrik çeşidini Avropa spesifikasiyasında olan Mercedes-Benz C-Class (W206) modelindən alacaqdır.
Bu isə, yeni modelin 48 voltluq EQ Boost startyor-generatoru olan dördsilindrli turbomühərrik, avtomatik tranmsissiya, arxa və ya 4Matic tam ötürməsi ilə təchiz ediləcəyindən xəbər verir.
Əlbəttə ki, Mercedes-AMG bölməsi tərəfindən buraxılacaq “bərkgedən” versiyaları da gözləmək gərəkdir. Ölçü və qiyməti baxımından yeni model CLA və CLS “dördqapılı kupeləri” arasında yerləşəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.