AutoExpress nəşrinin yaydığı xəbərdə, Mercedes-Benz şirkətinin ilin sonuna qədər özünün ilk pikap kuzovlu avtomobilini təqdim etməyi planlaşdırdığı bildirilmişdir. Jurnalistlərin şirkət daxilindəki mənbələrinin söylədiyinə görə, alman istehsalçı yeni avtomobili bu ilin payızında keçiriləcək Pariş avtomobil salonunda təqdim etmək niyyətindədir. Xatırladaq ki, şirkət rəsmiləri Mercedes-Benz ulduzunu daşıyan ilk pikapın 2020-ci ildə istehsal ediləcəyini bildirmişdilər.
Bununla bərabər, AutoExpress Mercedes-Benz şirkətinin kommersiya avtomobilləri bölümünün rəhbəri Folker Morninveqə istinadən bildirir ki, pikapın seriya variantı 2017-ci ilin sonunda işıq üzü görməlidir. Artıq sirr deyildir ki, Mercedes-Benz şirkətinin X-Class və ya Z-Class adlandıracağı pikap Nissan şirkətinin Navarra modelinin platformasında istehsal ediləcəkdir.
Yeni avtomobil yalnız 188 at qüvvəsi və 450 Nm fırlanma anı, 255 at qüvvəsi və 550 Nm fırlanma anı olan dizel mühərrikləri ilə təchiz ediləcəkdir. Biz isə öz tərəfimizdən, alman şirkətinin belə bir avtomobilə nədən ehtiyac duyduğunu aydıllaşdırmaq istərdik. Çox güman ki, almanlar bu avtomobili sırf Şimali Amerika bazarında satmaq üçün nəzərdə tutmuşdurlar.
Səbəb, zənnimizcə, amerikalıların pikap avtomobillərinə olan böyük rəğbətidir.