Mercedes-Benz, qəza sınaqlarında iştirak edən manekenlərin həyatından bəhs edən komediyalı serialın ilk hissəsini yayımlayıb. Birinci seriya əyləc sisteminin sınanmasına həsr olunub.
“Xoşbəxt Gün” adlanan ilk epizod, tamaşaçıları Mercedes-Benz şirkətinin müasir təhlükəsizlik sistemlərini sınayan iki manekeni - Fred və Tommi ilə tanış edir. Fred hər cür texniki sınaqlarıda iştirak etmiş əsl veterandırsa, onun şən həmkarı Tommi gəncdir və yeni testin başlanmasını səbirsizliklə gözləyir.
Seriya əyləc sisteminin sınaqlarına həsr olunub: test zamanı nə avtomobil, nə də test yürüşünün iştirakçıları zərər çəkməyəcəklər. Bu həqiqət Fredi çox məyus edir, çünki o, qəza sınaqlarının manekeni olmaqdan qürur duyur və toqquşmaları sevir.
Qısa müddətli hərəkətdən sonra avtomobil qəfil dayanır ki, bu da, əyləc sisteminin sınaqdan uğurla çıxdığını göstərir. Fred, öz növbəsində, bu günü həyatının ən pis günü adlandırır. Ancaq gənc Tommi onu təsəlli etməyə çalışır və növbəti bölümdə oturacaqların qızdırılmasını sınayacaqlarını söyləyir. Bunu eşidən test sınaqlarının veteranı o dəqiqə qəzəblənir.
May ayının ortalarında Avropanın krəş-testləri həyata keçirən Euro NCAP təşkilatı avtomobillər üçün test protokollarının genişmiqyaslı yeniləməsini elan edib. İlin sonuna qədər qəza testi proqramına kiçik avtomobilin daha böyük avtomobillə toqquşmasının təqlidi, habelə uzaq məsafələrə səyahət edən sərnişinlər üçün test də daxil olmaqla bir neçə yeni test əlavə ediləcəkdir.