Mercedes-Benz şirkətinin kiçik tonnajlı furqon və minivenlər istehsal edən Mercedes-Benz Vans bölümü Marco Polo kemperinin yubiley versiyasını təqdim edib. ArtVenture adlandırılmış kemper, başlanğıcını Mercedes-Benz 209 D modelindən götürən xəttin 35 illik yubileyinə həsr edilib.
İlk Marco Polo modeli 1984-cü ildə peyda olub. Bremer Transporter adı ilə tanınan kemperi Mercedes-Benz 209 D modelinin əsasında yaradıblar. Kemperin təchizatına “ikinci mərtəbədə” yerləşən ikiyerli çarpayı, qaz plitəsi və soyuducu olan mətbəx daxil idi.
Bremer Transporter
“Yubuley” kemperi adi Marco Polo miniveninin bazasında hazırlayıblar. Sonuncu isə, öz növbəsində Mercedes-Benz V-Class modelinin qalxan dama, mətbəxə, əl-üz yuyana, soyuducuya və dörd nəfərlik yataq yerinə məxsus olan modifikasiyasıdır. ArtVenture adi Marco Polo modelindən damın akvamarin rəngində büzməli membranları, həmçinin tutqun rəngli səthə və dəniz suyu rəngində haşiyələrə malik olan opsional kuzov dekoru ilə seçilir.
Kemper müxtəlif güc göstəricilərinə malik olan 2,0-litrlik OM 654 dizel aqreqatı ilə təchiz olunur. Marco Polo 300 d versiyasında aqreqat 239 at qüvvəsi və 500 Nm, 250 d versiyasında isə 190 at qüvvəsi və 440 Nm hasil edir. Eco Boost rejimi qısa müddətə fırlasnma anını 30 Nm artırmağa imkan verir. Ötürmə öndən və ya tam çəkişli ola bilər. Güc aqreqatı 9-pilləli “avtomat” ilə tandemdə çalışır.