Mercedes-Benz mühəndisləri ekstremal ofroderlər yaratmaqda mahirləşiblər. Bir müddət bundan öncə, istehsalçının rəhbərliyinin razılığını alan alman mühəndisləri Mercedes-Benz E-Class All Terrain yüksək keçimli universalının ekstremal variantını hazırlayıblar.
Mercedes-Benz E-Class All-Terrain 4x4² adını almış universalın yaradılması ideyasını irəli sürən şəxs Yurgen Eberledir. Yurgen sonuncu nəsil E-Class modelinin hazırlanmasında bilavasitə iştirak etmişdir. Yurgen şirkətin rəhbərliyinə müraciət edərək belə avtomobilin hazırlanması üçün vəsait istəmişdir. Nə qədər qəribə olsa da, şirkət rəhbərliyi nəinki razılıq vermiş, hətta istənilən qədər vəsait də ayırmışdır.
Adi Mercedes-Benz E-Class All-Terrain universalının bazasında yaradılan avtomobil 333 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 benzin turbomühərriki ilə hərəkətə gəlir. Təbii olaraq, mühəndislər ilk növbədə avtomobilin asqısı üzərində işləmişdirlər.
Onlar ön tərəfədə əlavə rama altlığını, arxa da isə asqının detallarının bərkitmə nöqtələrini dəyişiblər. Bu dəyişikliklərin başlıca məqsədi klirensi maksimal artıran reduktorların quraşdırılması olmuşdur. Bütün bu dəyişikliklərin məntiqi nəticəsi olaraq avtomobilin klirensi 400 millimetrə qədər artırılmışdır. Bu məşhur Mercedes-Benz G-Class ofroderində olduöundan da çoxdur.
Universalda quraşdırılan reduktorlar yenidən hazırlanmış və əllə yığılmışdır. Bundan başqa, avtomobil R-Class modelindən götürülmış 20-düymlük təkər diskləri quraşdırılıb. Bu disklərdə yolsuzluq üçün nəzərdə tutulan şinlər quraşdırılıb. Eyni zamanda, universal 3D-printerində çap edilmiş təkər genişləndiricilərini də əldə edib.
Artıq Mercedes-Benz E-Class All-Terrain 4x4² 500 millimetr dərinlikdə çay keçidini qət etmək iqtidarındadır. Onun giriş bucağı 35,3 dərəcə, çıxış bucağı isə 35,6 dərəcə təşkil edir. Bundan başqa, avtomobilin digər hissələri dəyişilməz qalmışdır. Avtomobil əvvəlki kimi 45:55 nisbətinə malik olan standart tam ötürmə sistemi ilə təchiz edilir.