Yurgen Eberlenin rəhbərlik etdiyi mühəndislər qrupu Mercedes-Benz EQC elektrik krossoverinin mürəkkəb yolsuzluq şərtləri üçün hazırlanmış prototipini təqdim ediblər. Təcrübə avtomobilinə Mercedes-Benz EQC 4x4² adı verilib.
Mühəndislər layihənin əsası olaraq standart Mercedes-Benz EQC 400 4Matic elektrik krossoverini götürüblər. Qeyd etmək gərəkdir ki, krossoverin güc qurğusuna toxunulmayıb. Krossover ön və arxa oxada yerləşdirilmiş iki elektrik mühərriki vasitəsi ilə hərəkətə gəlir. Güc qurğusunun ümumi hasilatı 408 at qüvvəsi və 765 Nm fırlanma anı təşkil edir. Mühərriklər döşəmənin altında yerləşən 80 kilovat-saatlıq lityum-ion batareyasından qidalanırlar.
Əsas dəyişikliklər avtomobilin asqı sistemində edilib – asqı sistemi yeni amortizatorlara və qollara sahib olub. Avtomobilin klirensi 151 millimetr artaraq 293 millimetrə çatıb ki, bu da standart G-Class modelində olduğundan 58 millimetr çoxdur. Krossoverin kuzovunun bucağı 31,8 dərəcəyə (+ 11,2 dərəcə), çıxış bucağı isə 33 dərəcəyə (+13 dərəcə) qədər artırılıb. Beləlikl,ə EQC krossoveri 400 millimetr dərinliyə malik olan su maneələrini dəf edə bilər.
Digər dəyişikliklər arasında genişləndirilmiş təkər izi və eni 200 millimetrə qədər artırılış kuzov, altlığın əlavə müdafiəsi və Cooper Zeon şinləri ilə təchiz edilmiş 20-düymlük təkər diskləri yer alır. R-Class modelindən götürülmüş təkər diskləri təkər tağlarının plastic əlavələrlə genişləndirilməsini tələb edib.
Bundan əlavə, elektrik krossoveri beş standart hərəkət rejiminə əlavə olaraq iki yeni rejimi əldə edib - Offroad və Offroad Plus. Eberle və komandası elektronikanı təkmilləşdirmiş və mühərrikin akselerator pedalına reaksiyasını yenidən tənzimləmişlər. Bunun sayəsində yer səthi ilə ilişmənin çatışmazlığı halında idarəetmə daha həssas olub.
Mercedes-Benz EQC 4x4² modelinin istehsal edilməsi şansları barədə məlumat verilməyib. Xatırladaq ki, vaxtı ilə konsept statusunda çıxış etmiş ekstremal Mercedes-Benz G500 4x4² modeli kiçik seriya ilə buraxılmışdı. Eyni zamanda, iki il əvvəl təqdim olunan Mercedes-Benz E-Class All-Terrain 4x4² universalı prototip statusunu dəyişməyib.