Daimler AG konserni 7-12 sentyabr tarixlərində Münhendə keçiriləcək IAA Mobility sərgisində nümayiş etdirəcəyi yeniliklər barədə məlumat verib. Ümumilikdə, Mercedes-Benz, Mercedes-EQ, Mercedes-AMG, Mercedes-Maybach və Smart markaları səkkiz yeni modeli təqdim edəcəklər. Onlardan beşi elektromobil, biri isə “bərkgedən” hibrid olacaqdır.
Əsas yenilik, şübhəsiz ki, EQS liftbekinin kiçik qardaşı sayılan EQE sedanı olacaqdır. Bu modelin casus görüntülərini artıq dərc etmişik, indi isə alman istehsalçısı elektrokarın ilk rəsmi tizerləri yayıb. Tizerlərdən göründüyü kimi, elektrik sedanı arxa LED fənərlərin bir qədər fərqli qrafikasına sahib olacaq, salonda isə flaqman EQS modelində olduğu kimi, vahid şüşə panelin altında birləşdirilmiş üç dispeydən ibarət olan “hiperekran” quraşdırılacaqdır.
AMG subbrendinin ilk batareyalı modeli “bərkgedən” EQS liftbeki olacaqdır. Maybach subbrendi isə, dəbdəbəli EQS SUV konseptini nümayiş etdirəcəkdir - krossoverin seriya variantı 2023 -cü ildə işıq üzü görməlidir.
Mercedes-Benz markasının yenilikləri arasında Avropa debütünü Münhendə qeyd edən EQB krossoveri də olacaqdır. Nəhayət, beşinci elektromobili Smart markası təqdim etməlidir - bu, Geely şirkəti ilə əməkdaşlıqda yaradılmış və yeni nəsil Smart avtomobillərinin ilk nümayəndəsi olan adı açıqlanmayan krossoverdir.
“Bərkgedən” Mercedes-AMG hibridinə gəldikdə isə, çox güman ki, bu avtomobil 800 at qüvvəli E-Performance qurğusu ilə təchiz edilmiş böyük GT 4-Door Coupe hetçbeki olacaqdır. Qalan iki debütant - dünən üzərindən sirr pərdəsi götürülmüş zirehli Mercedes-Benz S 680 Guard 4Matic flaqman sedanı və artırılmış keçid qabiliyyəti olan Mercedes-Benz C-Class All-Terrain universalıdır.
Alman istehsalçısı sərginin açılışını gözləmədən, 5 sentyabr tarixində özünün Mercedes me media platformasında onlayn yayımı təşkil edərək, yeniliklər barədə məlumat verməyi planlaşdırır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.