Mercedes-Benz şirkətinin Ştutqartdakı muzeyi eksponatlarının birini satışa çıxarıb. Bu, 1982-ci ilin buraxılışı olan Mercedes-Benz 280 SE sedanıdır. İdeal vəziyyətdə olan avtomobil üçün 47890 avro istəyirlər. Qeyd etmək lazımdır ki, Almaniyada bu qiymətə yeni Mercedes-Benz E-Class modelini almaq olar. Avtomobilə 12 aylıq zəmanət verilir.
Mercedes-Benz 280 SE modeli 185 at qüvvəsi hasil edən 2,8-litrlik sıralı altısilindrli injektorlu mühərrik ilə təchiz edilir. Güc aqreqatı dördpilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Sedan 100 km/saat həddinə 10 saniyəyə sürətlənir və 210 km/saatlıq maksimal sürət həddinə malikdir.
Sedan Silver Distel zeytun metallik rənginə boyanıb və firma Leder Siena rəngli dəri salona malikdir. Avtomobilin təchizatına oturacaqların qızdırılması, kondisioner, elektrik lyuk və mərkəzi kilid daxildir.
Avtomobil 1982-ci ildə Portuqaliyanın Madeyra adasında yaşayan şəxs tərəfindən alınıb. Sedanın lak-boya örtüyü və xrom detalları ideal şəkildədir. 37 il ərzində Mercedes-Benz 280 SE modeli 35 min kilometr məsafə qət edib. Avtomobili zavod vəziyyətinə gətirmək üçün, muzeyin mütəxəssisləri səsboğucu sistemini və ön şüşəqaldıranların mühərriklərini dəyişib, həmçinin kondisionerə xidmət göstəriblər. Muzey alıcıya servis kitabçasını, orijinal istismar rəhbərliyi, alətlər dəstini, 1982-ci ilin qaiməsini və sedanın tarixini əks etdirən digər sənədləri təqdim etməyə hazırdır.
Mercedes-Benz şirkətinin Ştutqartdakı muzeyi 2015-ci ilin sonundan başlayaraq kolleksiya avtomobillərinin satışını təşkil edir. İdeal vəziyyətdə olan istifadə edilmiş avtomobilləri raritetlərin satışı üzrə All Time Stars proqramı vasitəsi ilə əldə etmək olar.