Porsche Panamera liftbeki ilə rəqabət aparacaq Mercedes-AMG modelinin prototipi 2017-ci ildə debüt edəcəkdir. Vision adlı konsept avtomobili 1967-ci ildə yaradılmış AMG şirkətinin 50 illik yubileyinə həsr ediləcəkdir. Bu barədə şirkət daxilindəki mənbələrə istinadən Autocar dərgisi məlumat vermişdir.
İlkin məlumatlara görə, GT4 adlandırılacaq modelin əmtəə variantı 2019-cu ildə işıq üzü görməlidir. Yeni avtomobil MRA modul platformasının təkmilləşdirilmiş variantında hazırlanacaq və “qaynar” C-, E- və S-Class modelləri ilə müəyyən komponentləri bölüşəcəkdir. Mercedes-AMG GT4 modelinin konstruksiyasında kompozit materiallardan, alüminium və yüksəkdavamlı poladdan istifadə ediləcəkdir. Yeni liftbek gücü 600 at qüvvəsinin üzərində olan 4,0-litrlik iki turbokompressorlu səkkiz silindirli mühərriklə hərəkətə gələcəkdir. Avtomobilin 48-voltluq elektrik sistemi və transmissiyaya quraşdırılmış 20 at qüvvəli köməkçi elektromotorla təchiz ediləcəyi istisna edilmir.
Bu elektromotor qısa müddətə gücün artırılması üçün istifadə edilə bilər. Bundan başqa, avtomobil yeni nəsil Mercedes-AMG E63 4Matic+ modelində debüt etmiş drift rejimli tam çəkiş sisteminə də sahib olacaqdır.
Mercedes-Bezn şirkəti bir müddət bundan öncə yeni hiperkarı hazırladığını bəyan etmişdi. Formula 1 texnologiyalarından istifadə etməklə hazırlanacaq avtomobilin, tərkibinə 900 at qüvvəli 1,6-litrlik biturbo mühərrik və ümumi gücü 160 at qüvvəsi olan iki elektromotorun daxil olduğu hibrid güc aqreqatı ilə təchiz ediləcəyi bildirilmişdir.