Mercedes-Benz şirkəti rəsmi olaraq Detroyt avtosalonunda geniş kütlə qarşısında nümayiş etdirəcəyi E-Class Coupe modelini təqdim etmişdir. Yeni kupenin eksteryerinin və interyerinin dizaynı bir müddət bundan əvvəl dərc edilmiş cəsus fotoşəkilləri nəticəsində açıqlanmışdır.
Yeni avtomobilin eksteryeri Mercedes-Benz C-Class Coupe və Mercedes-Benz S-Class Coupe modellərinin dizayn üslubunda hazırlanmışdır.
Kupenin interyeri isə, bir müddət bundan əvvəl təqdim edilmiş E-Class sedanının dizayn üslubunda həll edilmişdir. Bununla belə, kupe başqa deflektorlara, yeni oturacaqlara və təhlükəsizlik kəmərini ön oturacaqlara tərəf gətirən xüsusi qurğuya malikdir.
Əlavə olaraq, kupe opsional olaraq Command multimedia sisteminin yeni idarəetmə variantını əldə etmişdir ki, mərkəzi konsoldakı diyircək taçpadla əvəzlənmişdir.
Mercedes-Benz E-Class Coupe modelinin qabarit uzunluğu 4826 millimetr, eni - 1860 millimetr, hündürlüyü isə 1430 millimetr təşkil edir. Yeni kupenin təkər bazası 2873 millimetrə bərabərdir. Beləliklə, E-Class Coupe sələfindən 123 millimetr uzun, 74 millimetr enli və 32 millimetr hündürdür. Yeni avtomobilin təkər bazası sələfi ilə müqayisədə 113 millimetr böyümüşdür. İlkin olaraq Mercedes-Benz E-Class Coupe 194 at qüvvəli 2,0-litrlik dizel mühərriki (E220d), 184 at qüvvəli (E200) və 245 at qüvvəli (E300) 2,0-litrlik benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Kupenin top variantı 333 at qüvvəli (E400 4Matic) 3,0-litrlik V6 mühərriki ilə təchiz ediləcəkdir. Mühərriklərin fırlanma anı müvafiq olaraq 400 Nm (E220d) , 300 Nm (E200), 370 Nm (E300) və 480 Nm (E400 4Matic) olacaqdır. Bütün mühərriklər 9 pilləli avtomatic ötürmələr qutusu ilə təchiz ediləcəkdir.
Dizel mühərrikli kupe 100 km/saat həddinə 7,4 saniyəyə, kupenin top variantı olan E400 4Matic modeli isə 5,3 saniyəyə sürətlənəcəkdir. Mercedes-Benz E400 4Matic kupesinin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılmışdır. Yeni kupenin təchizatına Mercedes-Benz E-Class modelləri üçün təklif edilən müasir aktiv və passiv təhlükəsizlik, sürücüyə yardım sistemləri, həmçinin geniş avadanlıq siyahısı daxil edilmişdir. Xatrıladaq ki, bir müddət sonra yeni kupenin AMG bölməsi tərəfindən hazırlanmış "bərkgedən" variantı olacaq Mercedes-AMG E50 Coupe 4Matic modeli təqdim edilməlidir.