Keçən il təqdim edilmiş yeni nəsil Mercedes-Benz S-Class sedanının modifikasiya çeşidi genişlənməyə davam edir. Bu gün flaqman sedanının çeşidinə rəsmi olaraq məişət elektrik şəbəkəsindən qidalanan Mercedes-Benz S 580 e adlı hibrid modifikasiya qoşulub.

Bu versiyanın əsas bazarı Avropa Birliyi olduğundan, hibrid sedanı həm "qlobal" uzunbazalı (5,3 metrlik), həm də standart qısa versiyada (5,2 metrlik) sifariş etmək mümkündür. Hibrid sedan digər versiyalardan yalnız sol arxa qanaddakı ikinci qapaq ilə fərqlənir: bu qapağın altında cərəyan yükləmə girişi gizlədilib.

Əgər S 580 4Matic versiyası 503 at qüvvəsi və 700 Nm fırtlanma anı hasil edən 4,0-litrlik V8 benzin mühərriki və tam ötürmə ilə təchiz olunursa, S 580 e indeksli hibrid sedan tamamilə fərqli quruluşa malikdir. Hibridin kapotun altında 367 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli mühərrik (M256) yerləşir.

Doqquz pilləli "avtomata" quraşdırılmış elektrik mühərriki 150 at qüvvəsi və 480 Nm fırlanma anına malikdir. Üstəlik, elektrik mühərrikinin maksimal fırlanma anı artıq hərəkət başlayarkən əlçatandır. Hibrid qurğunun ümumi hasilatı 510 at qüvvəsi və 750 Nm fırlanma anı təşkil edir. Hibrid sedan yalnız arxa ötürmə ilə təklif olunur.

Elektrik mühərrikinin qidalandığı litium-ion batareyası əvvəlki nəslin hibrid sedanında olduğu kimi ikinci oturacaq cərgəsinin arxasında deyil, baqaj bölməsinin döşəməsinin altında yerləşir. Məlum məsələdir ki, hibrid sedanın baqaj bölməsinin həcmi adi sedanlarda olduğundan  xeyli azdır -  535 litrə qarşı 350 litr. Lakin batareyanın iri "çıxıntısının" olmaması baqaj bölümündən istifadəni bir qədər rahat edir.

Batareyanın tutumu 28,6 kilovat-saatdır. Baza dəyişkən cərəyanlı yükləmə cihazı 11 kilovat gücə malikdir, əlavə ödəniş qarşılığında 60 kilovat gücündə daimi cərəyan cihazını əldə etmək mümkündür. Bu cihazla batareyanın ehtiyatını yarım saat ərzində bərpa etmək olar.

Əvvəlki modellə müqayisədə, yeni hibridin elektrik rejimində qət etdiyi məsafə təxminən iki dəfə artıb (WLTP dövrünə əsasən 113 kilometr). Sırf elektrik ötürməsi ilə sedan 140 km/saata qədər sürətlənə bilər. Bununla belə, arxa ötürməli S 580 e hibridi, tam ötürməli S 580 4Matic versiyasından 270 kiloqram ağırdır: 2095 kiloqrama qarşı 2365 kiloqram.  Müvafiq olaraq, 100 km/saat həddinə sürətlənmə müddəti 4,4 saniyədən 5,2 saniyəyə qədər yüksəlib.

Avropada Mercedes-Benz S 580 e sedanı 124 min, S 580 4Matic versiyası isə 126 min avrodan başlayan qiymətlər ilə satılır. Bundan sonra, S-Class modelinin modifikasiya çeşidinə ən güclü AMG versiyasının qoşulması gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlavə olaraq flaqman sedanı yeni opsiyalara da sahib olub. Məsələn, modelin debütü zamanı elan edilən aktiv hidropnevmatik E-Active Body Control asqısını (Almaniyada 7.735 avro) artıq sifariş etmək mümkündür. 48 voltluq şəbəkədən işləyən sistem, avtomobilin qarşısındakı yol səthini skan etmək üçün kameralara malikdir və hər bir təkəri ayrılıqda idarə edir. Bu asqı yalnız tam ötürməli S 450 4Matic, S 500 4Matic və S 580 4Matic versiyaları üçün sifariş edilə bilər.

"Adi" S-Class modeli isə, əvvəllər yalnız Mercedes-Maybach modelləri üçün nəzərdə tutulmuş bəzi opsiyaları da əldə edib. Bunlara misal kimi, salonun arxa hissəsinin adaptiv işıqlandırılması sistemini (intensivliyi xarici işıqlandırma səviyyəsindən asılıdır) və təhlükəsizlik kəmərlərinin arxa sərnişinlərə avtomatik verilməsi mexanizmləridir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.