Mercedes-Benz şirkətinin nümayəndələrinin bildirdiklərinə əsasən, 2017-ci ildən başlayaraq S500e hibrid sedanları naqilsiz qidalanma sistemi ilə təchiz ediləcəkdirlər. Daha dəqiq desək, bu sistemi sedanın yenilənmiş variantı əldə edəcəkdir. Doğrudur, bunun üçün avtomobil sahibləri hibridin duracağı qarajların döşəməsində müəyyən dəyişikliklər etməyə məcburdurlar. Sistemin fəaliyyət göstərməsi üçün qarajın sement döşəməsində elektrik şəbəkəsinə birləşdirilmiş xüsusi induksiya çarxı quraşdırılmalıdır.
Öz növbəsində avtomobilin altında qəbuledici çarx quraşdırılacaqdır. Sürücüdən tələb edilən əsas iş avtomobili qarajda düzgün park etməkdir ki, bundan sonra batareyaların doldurulması prosesi avtomatik olaraq başlanacaqdır. Bu sistem sayəsində batareyaların qidalanması daha tez aparılacaqdır. Çox güman ki, batareyaların tam dolması üçün üç saatdan az bir vaxt tələb olunacaqdır. Qeyd etmək lazımdır ki, alman konserninin mütəxəssisləri keçən il bu sistemi əsaslı şəkildə sınaqdan çıxarmışdırlar.
Yeri gəlmişkən, yenilənmiş Mercedes-Benz S500e modelinin batareyasının tutumu 13,3 kilovat-saata qədər artırılmışdır. Beləliklə, yenilənmiş sedan yalnız elektrik enerjisindən istifadə etməklə 50 kilometr məsafə qət edəcəkdir. Hazırda 8,7 kilovat-saatlıq batareyaları olan sedan 32 kilometr məsafə qət edə bilir.
Xatırladırıq ki, Mercedes-Benz S500e hibridinin güc qurğusunun ümumi gücü 442 at qüvvəsi fırlanma anı isə 479 Nm təşkil edr.