Mercedes-Benz şirkəti Şanxayda keçirilən avtosalonda konseptual GLB krossoverini təqdim edib. Əslində bu yeddiyerli konsept, praktiki olaraq, damda baqaj, əlavə projektorlar və “dişli” təkərlər ilə təchiz edilmiş seriya krossoveridir.
Mercedes-Benz GLB Concept yeni A-Class modeli ilə eyni platformada inşa edilib. Bu platforma köndələn yerləşən mühərrikin və öndən çəkişin olmasını nəzərdə tutur. Mercedes marketoloqlarının fikrincə axıcı formalara malik olan GLA gənc auditoriyanı, kvadrat formalı GLB isə ailə sahiblərini və təbiətdə dincəlməyə üstünlük verən insanları cəlb etməlidir.
Mercedes-Benz GLB Concept krossoverinin qabarit uzunluğu 4634 millimetr, eni – 1890 millimetr, hündürlüyü isə 1900 millimetr (baqajla birlikdə) təşkil edir. Krossoverin təkər bazasının uzunluğu 2829 millimetrdir. Beləliklə, GLB modeli GLC krossoverindən 22 millimetr qısadır. Təkər bazasının uzunluğuna görə, yeni model GLC-yə 43 millimetr uduzur.
Mercedes-Benz GLC modeli beşyerli salona malik olduğu halda, Mercedes-Benz GLB yeddi yer təklif edir. Mercedes nümayəndələri üçüncü cərgənin nominal xarakter daşımadığını və ortaboylu sərnişin üçün uyğun olduğunu iddia edirlər. Məlum məsələdir ki, yeddiyerli quruluşda baqaj üçün yer qalmır. İkinci cərgənin oturacaqları B-Class modelində olduğu kimi 140 millimetr önə-arxaya hərəkət edə bilir, onların kürək hissəsi isə 40:20:40 nisbətində bölünür. Kürək hissələrin hər biri səkkiz əyilmə bucağına malikdir.
Krossoverin interyeri cari A-Class, B-Class və CLA modellərinin dizayn üslubunda tərtibata malikdir. Burada virtual cihazlar panelini, MBUX multimedia sistemini və havalandırma sisteminin “deflektor-turbinalarını” görmək olar. Eyni formalı deflektrorlar mərkəzi konsolun sonunda da quraşdırılıb. Avtomobilin təchizatına elektriklə tənzimlənən oturacaqlar, klimat-kontrol və Multibeam matrisa fənərləri daxildir.
Konsept 224 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin turbomühərriki, yeni səkkiz pilləli 8G-DCT “robotu” və 4Matic tam çəkiş sistemi ilə təchiz edilib. Tam çəkiş sistemi, hətta Eco/Comfort rejimində arxa oxa 20% fırlanma anını ötürür. Bu səbəbdən də istehsalçı transmissiyanı “daimi tam çəkiş sistemi” adlandırır.
Əlbəttə ki, Mercedes-Benz GLB modelinin seriya variantının daha sadə, o cümlədən dizel mühərrikləri ilə təchiz edilmiş versiyaları da olacaqdır. Avropa bazarında krossover bu ilin sonunda satılmağa başlanacaqdır. Böyük ehtimalla, seriya krossoveri Frankfurt avtosalonunda debüt edəcəkdir.