Artıq Mercedes-AMG A 45 S 4Matic+ hetçbekini xüsusi Limited Edition versiyasında da almaq olar. Belə avtomobillərə sifarişlər aprel ayından başlayaraq bu ilin sonuna qədər qəbul olunacaqlar. Xüsusi seriyadan olan hetçbekin qiyməti adi A 45 S modelindən 14 280 avro baha olacaq.
İlk dəfə olaraq, yığcam hot-hetçlər, 2016-cı ildə Mercedes-AMG GT R superkarında debüt edən möhtəşəm AMG green hell mango rənginə boyanıblar. Bundan əlavə, Limited Edition versiyasında olan hetçbeklər AMG loqotipləri və modelin işarələnməsi olan yapışdırmalar, unikal 19-düymlük təkər diskləri və kuzov boyunca uzanan sarı rəngli vurğular ilə fərqlənirlər.
Hetçbeklərin standart təchizatına tündləşdirilmiş kuzov dəsti elementləri olan AMG Night Package və Night Package II paketləri, habelə sabit arxa antiqanadın quraşdırılmasını ehtiva edən AMG Aerodynamics dəsti daxildir.
Salonda ARTICO dəri və MICROCUT mikrofiberi ilə üzlənmiş AMG performance oturacaqlarını, sarı tikişləri, başlıqlardakı “A 45 S” tikmə-naxışlarını, habelə dəri və mikrofiber ilə üzlənmiş sükan çarxını görmək olar. Limited Edition versiyasının xarici görünüşü AMG naxışı olan alüminium örtmələr və işıqlandırılmış qapı kandarları ilə tamamlanır.
“Bərkgedən” hetçbek 421 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodördlük” ilə təchiz edilib. Transmissiya - səkkiz pilləli AMG Speedshift preselektividir. Ötürmə - arxa oxda vektorlaşdırma funksiyası olan tam ötürmə sistemidir.
Mercedes-AMG A 45 S 4Matic+ sıfırdan 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Maksimum sürət 270 km/saat həddində məhdudlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.