Bu il Mercedes-Benz şirkəti AMG bölməsinin 55-illik yubileyini qeyd edir. AMG şirkətinin əsası 1 iyun 1967-ci il tarixində mühəndislər Aufrext və Melxer tərəfindən qoyulub. Tərəfdaşlar soyadlarının ilk hərflərinə Hans Verner Aufrextin doğulduğu Qrossaspax şəhərinin adından götürülmüş G hərfini əlavə ediblər.
Məlum olduğu kimi, Aufrext şirkətin yeganə sahibi, Erhard Melxer isə muzdlu işçisi idi. İlkin olaraq, AMG firması Mercedes-Benz seriya mühərriklərinin gücünün artırılması ilə məşğul idi. Sonradan firma avtomobillərin hərtərəfli tuninqini təklif etməyə başladı.
1990-cı ildən AMG minik avtomobilləri Mercedes-Benz şirkətinin diler şəbəkəsi vasitəsilə satılmağa başladı, 1993-cü ildə isə, tüner ilə alman istehsalçısının ilk birgə layihəsi - Mercedes-Benz C 36 AMG sedanı işıq üzü gördü. Altı il sonra Aufrext şirkətdəki payının 51 faizini DaimlerChrysler konserninə satdı, 2005-ci ildə isə, AMG firması tamamilə alman istehsalçısının nəzarətinə keçdi.
Hazırda Mercedes-AMG bölməsində iki min işçi çalışır. Bölmə özünün mühərriklərini istehsalına malikdir və satış rekordlarına imza atır: keçən il 145.979 ədəd Mercedes-AMG avtomobili satılıb (+16,7%).
AMG bölməsi özünün 55-illik yubileyini qeyd etməyə yenicə başlayır və bu paradı Edition 55 versiyasında olan Mercedes-AMG G 63 ofrouderi açıb. Texniki cəhətdən yenilik yoxdur: 585 at qüvvəli 4,0-litrlik V8 biturbo mühərriki, eləcə də digər avadanlıqlar standart olaraq qalır.
Fərqlər sırf dekorativdir. Məsələn, avtomobilin yan tərəflərinə AMG emblemi olan zolaqlar yapışdırılıb. Eyni zamanda, gümüşü rəngli yanacaq çəninin orijinal qapağı quraşdırılıb. Kuzov üçün yalnız qara və ağ rənglər təklif edilir.
Salon qara və qırmızı rənglərlə bəzədilib, sükan çarxında və oturacaqların kürək hissəsində “55” rəqəmi peyda olub. Eyni zamanda, yubiley avtomobillərində xüsusi versiyanın adı olan məxmər ayaqaltılar və xüsusi işıqlandırmalı kandar lövhələri var. Edition 55 versiyasının bütün unikal xüsusiyyətlər bunlardan ibarətdir. Qeyd etmək gərəkdir ki, Edition 55 paketi 17,850 avroya qiymətləndirilib.
Mercedes-AMG G 63 Edition 55 xüsusi versiyasını bu ilin oktyabr ayına qədər sifariş etmək olar. Mercedes-AMG bölməsi yaxın aylarda yeni yubiley avtomobillərini təqdim edəcəyini bildirib. Özü də, bu modellər yalnız eksteryer və interyer tərtibatı ilə fərqlənməyəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.