Mercedes-Benz şirkəti yaxın zamanda təqdimatı keçiriləcək EQS SUV elektrik krossoverinin yeni şəkillərini dərc edib. Yeni şəkillərdə elektrokar kamuflyajda olsa da, onun salonu üzərindəki sirr pərdəsi tamamilə götürülüb. Elektrik krossoveri özündə üç displeyi birləşdirən MBUX Hyperscreen panelinə, ikinci cərgənin sərnişinləri üçün planşetlərə və panoram dama sahib olub. Ümumilikdə krossoverin interyeri EQS liftbeki ilə eyni tərtibata malikdir.
Ön panel boyu uzanan MBUX Hyperscreen paneli 12,3-düymülk rəqəmsal cihazlar panelini, 17,7-düymlük mərkəzi sensorlu ekranı və ön sərnişinin qarşısında yerləşən daha bir 12,3-düymlük sensorlu displeyi birləşdirir. 5,2 metr uzunluğu olan elektrik krossoverinin iki və üç cərgəli salonla təklif olunacağı artıq məlumdur. EQS SUV modelinin opsiyalar siyahısına 4-zonalı klimat-kontrol və panoram dam daxil ediləcəkdir.
EQS SUV modelini ölçülərinə görə GLS krossoveri ilə müqayisə etmək olar. Batareyalı krossoverin əsasını xüsusi olaraq elektrokarlar üçün hazırlanmış MEA (Modular Electric Architecture) modul arxitekturası təşkil edir. Bu platforma oxlar arasındakı məsafəni, batareyaların tutumunu dəyişməyə və müxtəlif sinifdən olan avtomobilləri (sedanlardan tutmuş krossover və ofrouderləri) inşa etməyə imkan verir. Qeyd etmək lazımdır ki, elektrik liftbeki də bu platformada inşa olunub.
Mercedes-Benz EQS SUV modelinin təqdimatı 19 aprel tarixində keçirilməlidir. Krossoverin istehsalı Almaniyada deyil, alman şirkətinin Alabama ştatının Taskaluz şəhərindəki zavodunda təşkil ediləcəkdir. Hazırda burada GLE və GLS modellərini yığırlar. Bununla belə, EQS və EQE modelləri Almaniyadakı zavodda yığılırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.