Əfsanəvi Gelandewagen satış rekordlarına imza atmağa davam edir: keçən il dünya üzrə 41174 ofrouder satılıb ki, bu da W460 indeksli orijinal modelin istehsalına başlandığı 1979-cu ildən bu günə qədər əldə edilmiş ən yaxşı nəticədir. Lakin yaxın zamanlarda yeni G-Class almaq istəyənləri məyus edəcək xəbərimiz var: yüksək tələbat ucbatından “Gelendvagen” almaq istəyənlər uzun müddət gözləməli olacaqlar. Özü də, 2024-cü ilin dördüncü rübünə qədər…

Mercedes-Benz şirkətinin daxilindəki mənbələrinə istinad edən MBPassionBlog nəşri, alman istehsalçısının 17 yanvar tarixindən Mercedes-Benz G-Class modelinə sifarişlərin qəbulunu dayandırdığını bildirib. Bunun əsas səbəbi, Magna Steyr zavodunun ofrouderə olan yüksək tələbatın öhdəsindən gələ bilməməsidir. İnsayderlər hazırda G-Class modelinin çatdırılmalarının demək olar ki üç il müddətinə - 2024-cü ilin dördüncü rübünə qədər uzadıldığını bildiriblər.

Çox güman ki, səbəblərdən biri də yarımkeçiricilərin qlobal qıtlığı və komponentlərin logistikasında yaranmış problemlər, habelə Avstriyadakı yığma müəssisəsinin məhdud istehsal gücləridir. Bununla belə, Mercedes-Benz şirkətinin əfsanəvi ofrouderin 2024-cü ildə debütü gözlənilən tam elektrik versiyası üzərində çalışmalara start verdiyini də bilirik. Paralel olaraq cari nəsil ofrouderin restaylinqi də gözlənilir. 

Casus şəkillərindən göründüyü kimi, yenilənmiş model genişləndiirilmiş hava girişləri olan yeni ön bamperə, yüngül şəkildə dəyişdirilmiş kapota və təkər tağlarının başqa genişləndiriciləriinə malik olacaqdır. Ofrouderin işıq texnikası da modernləşdirilə bilər, lakin G-Class modelinin eksteryerində ciddi dəyişikliklərin olacağı gözlənilmir. Çox güman ki, ofrouder MBUX multimedia sisteminin son versiyasını əldə edəcəkdir, çünki alman markasının model cərgəsində belə sistemlə təchiz edilməyən avtomobil məhz G-Class modelidir.. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.