Mercedes-Benz şirkəti yol səthinə istənilən işarəni proyeksiya edən və dəyişən yol şəraitinə çevik reaksiya verən “rəqəmsal” baş işıq fənərlərini təqdim etmişdir. Alman istehsalçısı “Digital Light” adını almış sistemin yaxın gələcəkdə seriya avtomobillərində quraşdırılacağını bildirmişdir.
Hər bir ön fənərə bir milyon ədəd mikrogüzgülər quraşdırılmışdır ki, onların hesabına işıq şuası çoxlu sayda xırda “piksellərə” bölünür. Sistemin fəaliyyətinə istehsalçı tərəfinfən hazırlanmış xüsusi elektron blok nəzarət edir. Kompyüter real zamanda avtomobilin müxtəlif vericilərdən daxil olan məlumatları təhlil edərək idarəetmə elektronikasına konkret vəziyyətə uyğunlaşmaq komandasını verir.
Fənərlər hər bir pikseli bir-birindən asılı olmayaraq tənzimləyə bilər.
Adaptiv fənərlərin ənənəvi imkanları ilə yanaşı, yeni optika yol səthinə müxtəlif işarələri proyeksiya etmək imkanına malikdir. Misal üçün sistem, növbəti döngəyə qədər olan məsafəni göstərmək, kamera tərəfindən aşkarlanan yol nişanını təkrarlamaq, yolda olan təhlükə haqqında xəbərdarlıq etmək və yaxud yol kənarındakı piyadanın gözlərini qamaşdırmadan işıqlandırmaq qabiliyyətinə malikdir. “Digital Light” sisteminin ilk prototipləri xüsusi tədbirlər çərçivəsində izləyici kütləsinə təqdim edilmişdir. Lakin, bu texnologiya ilə təchiz edilmiş avtomobillərin nə zaman istehsal ediləcəyi dəqiqləşdirilməmişdir.