Kamuflyajlı Mercedes-AMG PureSpeed spayderləri İtaliyanın şimalındakı yollarda qeydə alınıblar. Keçən il iki nəfərlik avtomobil Monakoda konsept-kar statusunda təqdim edilib. Artıq təqdimat zamanı spayderin 250 nüsxəlik tirajla buraxılacağı bildirilmişdi.
Final sınaqlarının proqramına İtaliyanın şimalındakı müxtəlif keyfiyyətli yollarda hərəkət daxildir. Daha sonra isə, yüksək sürətli sınaqlar üçün avtomobillərin cənuba, Apulidəki Nardo poliqonuna daşınması planlaşdırılır. Xatırladaq ki, Nardo treki yüksək sürətli 12,5 kilometrlik halqası ilə məşhurdur: köndələninə böyük maillik sayəsində xarici zolaq boyunca sükanı “sıfırdan” yayındırmadan 240 km/saat sürətilə hərəkət etmək mümkündür. Sınaqların ümumi məsafəsi 3000 kilometri keçməlidir.
Avtomobil Mercedes-AMG SL rodsterinin əsasında hazırlanıb. O, təkcə damdan deyil, həm də ön şüşədən tamamilə məhrumdur: onların əvəzinə müasir Formula 1 bolidlərindəki Halo qurğusunu xatırladan uzununa quraşdırılmış Y-formalı təhlükəsizlik qövsü peyda olub. O, təkcə sərnişinləri yuvarlanma zamanı qorumur, həm də damın olmaması səbəbindən güc strukturu zəifləmiş kuzovun möhkəmləndirilməsini təmin edir.
Superkarın dizaynı 50-ci illərin birinci yarısının Mercedes-Benz yarış avtomobillərindən ilhamlanıb. Bu avtomobillərə misal kimi, axarlı W196 F1 bolidini və yol yarışları üçün hazırlanmış 300 SLR idman avtomobilini göstərmək olar. Əslində, PureSpeed spayderini yalnız dəbilqə ilə sürmək olar. Yeri gəlmişkən, avtomobilin standart təchizatına iki dəbilqə daxil ediləcək. Onlar xüsusi olaraq bu layihə üçün hazırlanıb və aerodinamik cəhətdən tənzimlənib.
Purespeed Spider - ən bahalı və eksklüziv avtomobilləri özündə birləşdirəcək Mythos xəttinin ilk nümayəndəsidir. Spayderin buraxılmasına gələn il başlanmalıdır: seçilmiş müştərilər arasında paylanacaq avtomobil 250 nüsxəlik tirajla istehsal olunacaq. Mercedes-Benz şirkətinin bu layihədəki tərəfdaşı İtaliyanın Pininfarina şirkətidir. Məşhur dizayn studiyası son illərdə eksklüziv superkarların kiçik miqyaslı istehsalına keçib.
Texniki detallar hələlik açıqlanmayıb. Amma kapotun altında SL rodsterinin top versiyalarından birinin güc qurğusunun olması ehtimalı böyükdür: bu, ya 585 at qüvvəli 4,0-litrlik V8 turbomühərriki və ya 816 at qüvvəli hibrid sistem ola bilər. Bununla belə, eksklüziv spayder üçün güc qurğusunun yenidən işlənəcəyini istisna etmək də olmaz.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.