Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatının mahal məhkəməsində Mercedes-Benz şirkətinə qarşı iddia qaldırılmışdır. İddiada qeyd edilir ki, alman şirkəti tərəfindən istehsal edilmiş avtomobillərin buraxdıqları işlənmiş qazlarda olan azot-oksidinin səviyyəsi ABŞ və Avropada müəyyən edilmiş normalardan 65 dəfə çoxdur. Kollektiv şəklində iddia vermiş zərərçəkmişlərin hüquqlarının müdafiəsini Hagens Berman Sobol Shapiro LLP şirkəti öz üzərinə götürmüşdür. İddia sahiblərinin dediyinə görə, Selsi üzrə 10 dərəcədən aşağı hava temperaturunda Mercedes-Benz şirkətinin dizel mühərriki və zərərli tullantıları neytrallaşdıran BlueTec texnologiyası ilə təchiz edilmiş avtomobilləri qanunvericilikdə nəzərdə tutulduğundan daha çox zərərli tullantılar ayırır.
Ərizədə qeyd edilir ki, aparılmış testlər nəticəsində Mercedes-Benz avtomobillərinin bir kilometrə 608 milliqram NOx ayırdıqları aşkar edilmişdir. Bu göstərici «Avro-6» standartlarını 7,5 dəfə, ABŞ üzrə normativləri isə 19 dəfə üstələyir. Bundan başqa, sınaq zamanı müəyyən edilmişdir ki, bəzi hallarda bu göstərici 2000 milliqrama çatır. Bu «Avro-6» normalarının tələblərindən 25 dəfə, ABŞ-da qəbul edilmiş məhdudiyyətlərdən isə 65 dəfə çoxdur.
İddiada göstərilir ki, 10 dərəcədən aşağı temperaturda zərərli tullantıların neytrallaşdırılmasını dayandıran avadanlıq E-Klass, GL, ML, R-Klass, S-Klass, GLK, GLE və Sprinter modellərində quraşdırılmışdır.
Analoji problemlər ilə 2015-ci ildə Volkswagen konserni də üzləşmişdi. O zaman, ətraf mühitin qorunması üzrə federal agentliyi alman konsernini bir sıra dizel mühərriklərini stend sınaqları vaxtı zərərli tullantıların səviyyəsini azaldan proqram təminatını ilə quraşdırmaqda ittiham etmişdir.
Nəticədə Volkswagen konserni 11 milyon avtomobili təmir etmək məcburiyyətində qalmışdır.