Bir çoxları klassik Mercedes-Benz 300 SL kupe və rodsterinin alman markasının indiyə qədər buraxdığı ən gözəli avtomobillər olduğunu hesab edirlər. Bu fikirlər əsassız deyil və Daimler AG konserninin baş dizayneri Qorden Vaqener də "qağayı qanadlı" sportkarın əsl azarkeşlərindən biri olduğu nümayiş etdirib.
“Autocar” nəşrinə müsahibə verən dizayner, yeni nəsil Mercedes-Benz SL modelinin, alman markasının digər rodsterlərinə nisbətən, köklərinə daha yaxın olacağını qeyd edib - ən azından eksteryer dizaynı ilə. Eyni zamanda, Vaqenerin fikrincə,retro üslubunun yeni SL rodsterinə tam adaptasiyasından söhbət gedə bilməz. Bununla belə,rodsterin çöhrəsində klassik modelə xas olan cizgilər mütləq mövcud olacaqdır.
Mercedes-Benz SL rodsterinin növbəti nəsli platformasını yeni nəsil AMG GT kupesi ilə bölüşəcəkdir. Bununla belə, qrupun baş dizayneri modellər aralarındakı fərqin “dəqiq nəzərə çarpacağını” vəd edib. Yeni rodsterin ağır metal damının parçadan olan variant ilə əvəzlənəcəyi, həmçinin avtomobilin 2 + 2 oturacaq formuluna malik olan salon və geniş çeşiddə güc qurğuları ilə təchiz ediləcəyi söylənilir.
Aston Matin şirkətinə keçməmişdən öncə “Auto Express” nəşrinə müsavibə verən Tobias Moers SL layihəsinin necə inkişaf etdiyi barədə məlumat verib. “Bu həqiqətən çox intensiv bir proqramdır. Güman edirəm ki, SL modelinə olan münasibəti dəyişməyin vaxtı gəlib çatıb. Avtomobilin daha idman xarakterli etmək üçün onun DNT-sini qaytarmaq lazımdır”, - Moers bildirib.
İlkin məlumatlara görə, Mercedes-Benz SL ailəsinə “bərkgedən” Mercedes-AMG SL 73 rodsteri başçılıq edəcəkdir. Rodster, hazırda üzərində çalışmalar gedən Mercedes- AMG GT superhibridindən götürülmüş güc qurğusu ilə təchiz ediləcəkdir. 4,0-litrlik V8 biturbo mühərriki və elektrik əlavənin birləşməsindən ibarət olan güc qurğusunun ümimi gücü 800 at qüvvəsi təşkil edəcəkdir.Baza versiyası sayılacaq Mercedes-AMG SL 43 rodsteri isə, 360 at qüvvəsinə malik olan 3,0-litrlik sıralı altısilindrli aqreqat ilə təchiz ediləcəkdir. Şayiələrə görə, yeni rodsterin debütü 2021-ci ildə baş tutacaqdır.