Mercedes-Benz şirkətinin kommersiya modelləri zaman keçdikcə Marco Polo modifikasiyasında təklif edilirlər. Venesiyalı tacir və səyyahın adı ənənəvi olaraq, seriya miniven və kompaktvenlərin əsasında yaradılmış kemperlərə verilir.
2022-ci ilin yazında təqdim edilən və ən son nəsil Renault Kangoo modelinə əsaslanan Mercedes-Benz T-Class kompaktveni də səyahət etməyi və təbiətin qoynunda dincəlməyi sevənlərə ünvanlanmış versiyaya sahib olub. Yeni T-Class Marco Polo kemperi Düsseldorfdakı Carvan Salon sərgisində debüt edib və alman brendinin çeşidində ən əlçatan kemper olub.
T-Class Marco Polo modeli iki nəfər üçün nəzərdə tutulmuş və 10 santimetr qalınlığında döşəyi olan çarpayıya malikdir. Çarpayı gərək olmadıqda qatlanaraq yığcam şəkildə baqaj bölməsinə yığışdırıla bilər. Kemperin standart avadanlığına pəncərələr üçün ağcaqanad toru və xüsusi “pərdə”- tündləşdiricilər, həmçinin arxa dayaqdakı kiçik əşyalar üçün ciblər daxildir.
Əlavə ödəniş qarşılığında avtomobili baqajda quraşdırılmış mətbəx modulu ilə təchiz etmək mümkündür. Bir neçə siyirtmə rəfi olan komplektə 12-litrlik su çəni olan əlüzyuyan, 15-litrlik soyuducu və qaz sobası, habelə yemək dəsti, qab-qacaq və ərzaq məhsulları üçün şkaflar daxildir.
İki düşərgə stulu və bir masa da nəzərdə tutulub ki, sonuncu həm avtomobildən kənarda ayaqlar üstündə, həm də salonda quraşdırıla bilər.
Mercedes-Benz şirkəti iki nəfərin bir neçə dəqiqə ərzində standart T-Class Marco Polo modelinin transformasiyasını həyata keçirməyə qadir olduğunu qeyd edib. Yeni təkərli evlərə sifarişlərin qəbuluna 2022-ci ilin sonuna qədər başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.