Mercedes-Benz şirkətinin mətbuat xidməti unikal Type 300 Adenauer universalını xatırlatmaq qərarına gəlib. Söhbət yeganə nüsxədə inşa edilmiş və perspektiv Mercedes-Benz modellər barədə məlumatı toplamağa yardım edən universaldan gedir. Messwagen (alman dilindən “ölçən avtomobil”) adlandırılmış avtomobil sınaqdan keçirilən prototiplə 30-metrlik kabel ilə bağlanırdı. Type 300 Adenauer universalının salonunda sürücü ilə yanaşı, telemetriyanın göstəricilərini maqnit lentinə yazmaqla məsul olan mühəndis də əyləşirdi.

Type 300 Adenauer modelini Messwagen unversalına çevirmək qərarı 1960-cı ildə qəbul olunub. S-Class modelinin sələfini təkər üzərindəki laboratoriyaya çevirmək üçün iki səbəb vardı: birincisi, 160 at qüvvəli sedan o zamanın ən sürətli Mercedes-Benz avtomobili idi, ikincisi, W189 modelinin beşmetrlik kuzovu ölçmə cihazlarını yerləşdirmək üçün kifayət qədər böyük idi.

Xüsusi versiyanı adi Mercedes-Benz 300 d (W189) modelinin bazasında inşa etmişdilər, lakin onun arxa hissəsi sıfırdan hazırlanmışdı. İki həcmli Adenauer modelindən 10 ildən çox laboratoriya kimi istifadə olunub, odur ki, 1970-ci illərin Mercedes-Benz avtomobillərinin əksəriyyəti Messwagen ilə birləşərək sınaqdan çıxıblar.

50 il bundan əvvəl texnologiyaların inkişaf etməsi nəhəng avadanlığa olan tələbat azaldıb və nəticədə unikal Adenauer universalını təqaüdə göndərilib. Buna baxmayaraq, Messwagen günümüzə kimi gəlib çatıb və hazırda Mercedes-Benz muzeyində W111 kuzovlu nümayəndəlik sedanı ilə birlikdə nümayiş etdirilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.