Bu il Mercedes-Benz və Cigarette Racing şirkətləri birgə əməşdaşlığının 10 illik yubileyini qeyd edirlər. Bu əlamətdar hadisəni layiqincə qeyd etmək məqsədi ilə tərəfdaşlar yeni layihəyə imza atmışdırlar. Bu, bərkgedən Mercedes-AMG GT R sportkarının üslubunda hazırlanmış 15-metrlik sürət qayığıdır. Marauder AMG adını almış qayıq, eyni zamanda, AMG şirkətinin 50 illik yubileyinə hədiyyə olacaqdır.
Qayıq Mercury Racing şirkətinin məhsulu olan iki turbokompressorlu V8 mühərrikləri ilə təchiz edilmişdir. 9,0-litrlik mühərriklərin hər biri 91 oktanlı benzinlə çalışan zaman 1350 at qüvvəsi təklif edirlər. Yarış yanacağından istifadə halında mühərrikin gücü 1550 at qüvvəsinə qədər yüksəldilə bilər. Qayığın dinamik xüsusiyyətləri açıqlanmamışdır.
Maradeur AMG qayığının digər xüsusiyyəti onun tərtibatıdır. Zahiri cəhətdən qayıq iri AMG loqotipləri və qayığın yan bortuna çəkilmiş AMG GT R kupesinin firma rəngində parlaq yaşıl zolaqlarla fərqlənir. Qayığın salonunda iki rəngli dəri ilə üzlənmiş beş idman oturacağı quraşdırılmışdır. Oturacaqların üzərinə yaşıl rəngli AMG loqotipləri tikilmişdir. Salonun tərtibatında da yaşıl rəngli haşiyələrdən istifadə edilmişdir.
Sonuncu dəfə tərəfdaşlar Cigarette Racing Team 41’ SD GT3 qayığını hazırlamışdırlar. Qayığın yaradılması zamanı Cigarette Racing komandasının mütəxəssisləri Ştutqart istehsalçısının Mercedes-AMG GT modelinin yarış variantı olan Mercedes-AMG GT3 modelindən ilham almışdırlar.