Mercedes-Benz şirkəti rəsmi olaraq X-Class adını alan ilk pikapını təqdim edib. Yeni pikapın təqdimat mərasimi Cənubi Afrika Respublikasında keçirilmiş xüsusi tədbirdə baş tutub.
Artıq məlum olduğu kimi, premium seqmentində çıxış edən pikap Nissan Navarra və Renault Alaskan pikaplarının istehsalında istifadə edilən platformada hazırlanmışdır. Pikap öndə ikili köndələn qollu, arxada isə beşqollu yaylı asqı ilə təchiz edilir. Xatırladaq ki, adətən pikapların arxa asqısında ressorlar quraşdırılır.
Mercedes-Benz X-Class modelinin qabarit uzunluğu 5340 millimetr, eni - 1920 millimetr, hündürlüyü isə 1819 millimetr təşkil edir. Pikapın təkər bazasının uzunluğu 3150 millimetr, klirensi isə 202 millimetrdir. Modelin yük platformasının uzunluğu 1587 millimetr, eni - 1560 millimetr, hündürlüyü isə 474 millimetrdir. Yeni pikapın yükqaldırma qabiliyyəti 1042 kiloqramdır.
İlkin olaraq, yeni pikap iki dörd silindrli turbodizellərlə təklif edəcəkdir. Bu mühərriklərin iş həcmi 2,3 litr olacaqdır. Mercedes-Benz X 220d modeli bir turbinalı mühərriklə təchiz ediləcəkdir ki, bu aqreqat da 163 at qüvvəsinə və 403 Nm fırlanma anına malik olacaqdır. X 250d modifkasiyasının mühərriki isə iki turbokompressorla təchiz ediləcəkdir. Bu mühərrik 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edəcəkdir.
Sonradan pikap 258 at qüvvəsinə və 550 Nm fırlanma anına malik olan 3,0-litrlik V6 mühərriki ilə təchiz ediləcəkdir. Bundan başqa, Dubay və Mərakeşdə Mercedes-Benz X 200 modeli 165 at qüvvəli benzin mühərriki ilə təklif ediləcəkdir. Həmçinin pikapın təchizatına iki növ 4Matic tam çəkiş sistemi daxil edilibdir. 2,3-litrlik mühərriklərlə təchiz edilən avtomobillər birləşdirilən tam çəkiş sistemi, V6 mühərriki ilə təchiz olunan variant isə daimi tam çəkiş sistemini əldə edəcəkdir. Mercedes-Benz X-Class mərkəzi və arxa differensialın qapanmasına malik olacaqdır.
Mercedes-Benz şirkətinin ilk pikapının maksimal yüklənməsi 1,1 ton, yedəyə alınan qoşqunun çəkisi isə 3,5 tona bərabərdir.
Mercedes-Benz X-Class pikapının təchizatına quraşdırılmış SİM-kartı olan multimedia sistemi, avtomobilin vəziyyəti barədə məlumatı məsafədən smartfona göndərən sistem, həmçinin radar, kamera və çoxsaylı ultrasəs vericilərinin məlumatları əsasında çalışan təhlükəsizlik sistemləri daxil edilmişdir.
Pikap üç variantda - Pure, Progressive və Power modifikasiayalarında təklif ediləcəkdir. Bunlardan birincisi standart variantdır. İkinci variant isə ekstra üsluba və rahatlığa üstünlük verən şəxslərə ünvanlanıb.
Nəhayət, sonuncu variant isə, adından göründüyü kimi aqressiv görünüşə və dinamik xarakteristikalara üsyünlük verən müştərilərə yönəldilib. Pikap 17, 18 və 19 düymlük təkər diskləri ilə təklif ediləcəkdir.
Mercedes-Benz X-Class modelinin Avropadakı satışlarına bu ilin noyabr ayında başlanacaqdır. 2018-ci ilin əvvəlində pikap CAR və Avstraliya bazarlarında, 2019-cu ildə isə Argentina və Braziliyada satılacaqdır. Almaniyada pikap 37294 avrodan başlayan qiymətlərlə satılacaqdır.