Artıq məlum olduğu kimi, Mercedes-Benz şirkəti pikap kuzovlu modelin istehsalına yaşıl işıq yandırıb. Keçən il Stokholm şəhərində prototipi göstərilmiş pikapın seriya variantının rəsmi təqdimatı iyul ayının 18 tarixində keçiriləcəkdir.
Əvvəllər də xəbər verdiyimiz kimi, Mercedes-Benz X-Class Nissan şirkətinin Navara modelinin bazasında hazırlanmışdır. Yeni pikapın əsasını lonjeron raması təşkil edəcəkdir. X-Class modelinin ən güclü modifikasiyaları V6 tipli dizel mühərrikləri və 4Matic tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.
Bundan əlavə, Mercedes-Benz X-Class həmçinin mərkəzi və arxa differensialın qapanmasına malik olacaqdır.
Mercedes-Benz şirkətinin ilk pikapının maksimal yüklənməsi təxminən 1,1 ton təşkil edəcəkdir. Yedəyə alınacaq qoşmanın çəkisi isə 3,5 tona bərabərdir. Mercedes-Benz X-Class pikapının təchizatına quraşdırılmış SİM-kartı olan multimedia sistemi, avtomobilin vəziyyəti barədə məlumatı məsafədən smartfona göndərən sistem, həmçinin radar, kamera və çoxsaylı ultrasəs vericilərinin məlumatları əsasında çalışan təhlükəsizlik sistemləri daxil olacaqdır.
Alman istehsalçısı Stokholmda X-Class pikapının iki variantını təqdim etmişdir. Bunlardan birincisi stylish explorer, ikincisi isə powerful adventurerdir. İlk avtomobil ag rəngə boyanmış və 22-düymlük təkər diskləri, kuzova quraşdırılmış ayaqaltıları, yük bölümünün qapağınada olan işıqdiodlarından hazırlanmış zolaq, dəri ilə örtülmüş oturacaqlar və palıddan hazırlanmış əlavələr ilə təchiz edilmişdir. Mercedes-Benz X-Class powerful adventurer isə yolsuzluq üçün nəzərdə tutlmuş şinlərlə, karbondan hazırlanmış kuzovun aşağı və alt hissəsinin müdafiəsi, elektrik bucurqad və arxada quraşdırılmış yedək qarmağı ilə təchiz edilir. Bu modifikasiya sarı-yaşılı rəngə boyanmışdır.
Pikapın seriya variantı bu il satışa çıxmalıdır. Pikapın istehsalı Nissan şirkətinin Barselonadakı zavodunda yerləşdiriləcəkdir. Cənubi Amerika bazarı üçün nəzərdə tutulmuş pikaplar Renault şirkətinin Argentinadakı zavodunda istehsal ediləcəkdir. X-Class modelinin əsas satış bazarları Brazıliya, Argentina, Avstraliya, CAR və Avropa olacaqdır.