Mercedes-Benz şirkəti özünün ilk ortaölçülü pikapının prototipini təqdim etmişdir. Konseptual pikap X-Class adını almışdır. Konseptin təqdimat mərasimi İsveçin paytaxtı Stokholm şəhərində keçirilmişdir.
Əvvəllər də xəbər verdiyimiz kimi, Mercedes-Benz X-Class Nissan şirkətinin Navara modelinin bazasında hazırlanmışdır. Yeni pikapın əsasını lonjeron raması təşkil edəcəkdir. X-Class modelinin ən güclü modifikasiyaları V6 tipli dizel mühərrikləri və 4Matic tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.
Bundan əlavə, Mercedes-Benz X-Class həmçinin mərkəzi və arxa differensialın qapanması ilə təchiz ediləcəkdir.
Mercedes-Benz şirkətinin ilk pikapının maksimal yüklənməsi təxminən 1,1 ton təşkil edəcəkdir. Yedəyə alınacaq qoşmanın çəkisi isə 3,5 tona bərabərdir. Mercedes-Benz X-Class pikapının təchizatına quraşdırılmış SİM-kartı olan multimedia sistemi, avtomobilin vəziyyəti barədə məlumatı məsafədən smartfona göndərən sistem, həmçinin radar, kamera və çoxsaylı ultrasəs vericilərinin məlumatları əsasında çalışan təhlükəsizlik sistemləri daxil olacaqdır.
Alman istehsalçısı Stokholmda X-Class pikapının iki variantını təqdim etmişdir. Bunlardan birincisi stylish explorer, ikincisi isə powerful adventurerdir. İlk avtomobil ag rəngə boyanmış və 22-düymlük təkər diskləri, kuzova quraşdırılmış ayaqaltıları, yük bölümünün qapağınada olan işıqdiodlarından hazırlanmış zolaq, dəri ilə örtülmüş oturacaqlar və palıddan hazırlanmış əlavələr ilə təchiz edilmişdir. Mercedes-Benz X-Class powerful adventurer isə yolsuzluq üçün nəzərdə tutlmuş şinlərlə, karbondan hazırlanmış kuzovun aşağı və alt hissəsinin müdafiəsi, elektrik bucurqad və arxada quraşdırılmış yedək qarmağı ilə təchiz edilir. Bu modifikasiya sarı-yaşılı rəngə boyanmışdır.
Pikapın seriya variantı gələn il satışa çıxmalıdır. Pikapın istehsalı Nissan şirkətinin Barselonadakı zavodunda yerləşdiriləcəkdir. Cənubi Amerika bazarı üçün nəzərdə tutulmuş pikaplar Renault şirkətinin Argentinadakı zavodunda istehsal ediləcəkdir. X-Class modelinin əsas satış bazarları Brazıliya, Argentina, Avstraliya, CAR və Avropa olacaqdır.