Dailmer konserni alman markasının ilk yanacaq elementləri ilə işləyən Mercedes-Benz GenH2 yük maşınını təqdim edib. Yeni yük avtomobili konsept statusunda debüt edib. Avtomobilin seriya variantının istehsalına bu onilliyin ortalarında başlanacaqdır.
Mercedes-Benz yeni avtomobili yükləri uzun məsafələrə daşımaq üçün hazırlanmış ağır dartıcı kimi xarakterizə edir. GenH2 modelinin ümumi çəkisi 40 ton, yük daşıma qabiliyyəti isə 25 tondur. Bu rəqəmlər ənənəvi daxili yanma mühərriki olan Mercedes-Benz Actros yük avtomobilinin göstəriciləri ilə müqayisə edilə bilər.
GenH2 modeli hər biri maksimal 449 at qüvvəsi və 2071 Nm fırlanma anı hasil edən iki elektrik mühərriki ilə hərəkətə gəlir. Mühərriklərin daimi hasilatı daha aşağıdır - 312 at qüvvəsi və 1577 Nm fırlanma anı.
Mühərriklər 300 kilovatlıq yanacaq elementləri sistemindən və qısa müddətə əlavə 400 kilovat güc verə bilən batareyadan qidalanır. Almanlar batareyanın "yanacaq elementlərinin gücünə situativ dəstəyi təmin etmək" üçün nəzərdə tutulduğunu bildirirlər. Məsələn, pik yükləmələr zamanı sürətləndikdə və ya tam yüklə yoxuşa çıxarkən.
Maye hidrogen üçün hər biri 40 kiloqrama qədər tutan iki çən nəzərdə tutulub. Daimler konserninin idda etdiyinə görə, bu ehtiyat, yanacaq doldurmadan 1000 kilometrə qədər məsafə qət etməyə çatmalıdır.
Qabaqcıl GenH2 modeli ilə yanaşı, şirkət 2024-cü ildə konveyer xəttində çıxacaq və elektrik yükləmədən 500 kilometrə qədər məsafə qət edən eActros LongHaul prototipini təqdim edib. Gələn il, 2018-ci ildə təqdim olunan "batareyalı" Actros modelinin bir qədər az yürüş ehtiyatı olan versiyasının istehsalına başlanacaqdır. LongHaul indeksi olmayan eActros modeli 200 kilometrdən çox məsafə qət edəcəkdir.