Mercedes-Benz şirkəti yeni CLE modelinin tizerini dərc edib və onun debütünün iyulun 5-də baş tutacağını bildirib. Yeni model bu ilin sonuna qədər satışa çıxmalıdır. Bu, müvafiq olaraq, C236 və A236 kod adı işarələnmiş yeni kupe və kabriolet olacaqdır. O, Mercedes-Benz markasının model çeşidindəki bir neçə ikiqapılı avtomobili - C-Class və E-Class kupelərini və kabrioletləri əvəz edəcəkdir.
Tizerdən göründüyü kimi, Mercedes-Benz CLE modeli S-Class kupesi və kabrioletini xatırladan hamar kuzova sahib olacaqdır. S-Class ikiqapılılarının yalnız bir nəsli buraxılıb və 2021-ci ildə onlar təqaüdə göndəriliblər. Səbəb kimi, qənaət edilən vəsaitlərin elektromobillərin yaradılmasına yönləndiləcəyi göstərilir. Elə həmin il məlum olub ki, alman markası satışları azalan ikiqapılıları əvəz etmək üçün yeganə modeli hazırlayır.
CLE həmçinin kupe və kabriolet kuzovu ilə təqdim olunacaq və model xəttində C və E-Class modelləri arasında yerləşəcəkdir. Casus şəkillərindən göründüyü kimi, kabriolet yumşaq dama malik olacaqdır. Yeni model dördsilindrli turbomühərriklər və doqquz pilləli avtomatik transmissiya ilə təchiz ediləcəkdir. Satışın başlanğıcında 2,0-litrlik “turbodördlüyün” elektrikləşdirilmiş versiyası da gözlənilir.
Mercedes-Benz CLE həmçinin altısilindrli variantı və güclü AMG versiyasını əldə edəcəkdir. Hər iki modifikasiya həm arxa ötürmə, həm də 4Matic tam ötürmə sistemi ilə təklif ediləcəkdir. “Bərkgedən” AMG CLE 63e 4Matic + modeli yalnız 2024-cü ildə Avropadakı dilerlərə çatdırılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.