Mercedes-Benz tamamilə yeni E-Class modelinin interyerini nümayiş etdirib. Mercedes-Benz E-Class ailəsi üçün qeyri-adi arxitektura seçilib: üstünlük EQE elektromobilinin ruhunda tərtibata malik olan üçdispleyli kokpitə verilib. “Hiperekransız” da ötüşməyib: cihazlar paneli sensorlu ekranlardan ayrıca quraşdırılır. Sürücü və sərnişinlər üçün video oyunlar, onlayn xidmətlər, Zoom konfransları və İnternetdəki digər məzmunlar əlçatandır. Əlbəttə ki, “rəqəmsallaşma” təhlükəsizliyə zərər yetirmədən həyata keçirilib.
Yeni Mercedes-Benz E-Class modelinin salonu praktiki olaraq "fiziki" düymələrdən məhrum edilib: hətta mərkəzi taçskrinin altındakı "qaynar" düymələr və çoxfunksiyalı sükan çarxının interfeysi də sensorludur. Yeni E-Class EQE modelindən yan havalandırma deflektorlarının və mərkəzi tunelin tərtibatı, start-stop düyməsinin yeri kimi nüanslar ilə fərqlənir. Yeni Mercedes-Benz E-Class modelinin interyeri üfüqi ekranlar sayəsində indiki C-Class və S-Class modellərinə daha az bənzəyir.
W214 indeksinə malik olan E-Class onlayn xidmətləri ilə təəccübləndirəcəkdir. Panelin üstündə Zoom vasitəsilə konfranslar keçirməyə yardım edən selfi/video kamerası nəzərdə tutulub. Bu opsiyadan yalnız avtomobil dayandıqda istifadə etmək olar. Amma Active Ambient Lighting funksiyası isə, hətta avtomobil hərəkətdə olarkən belə işləyir: kontur işıqlandırması mahnının ritmindən asılı olaraq rəng və intensivliyi dəyişir.
Daha bir maraqlı sistem sürücünün baxışlarının izlənməsidir: ekranlardakı təsvirlər elə əks etdirilir ki, sürücünün diqqəti sərnişinin istifadə etdiyi kontentə yayınmasın. Nəhayət, sürücü və sərnişin Angry Birds oynaya, veb brauzerlərdən istifadə edə, yayımlanan videolara və xəbərlərə baxa bilərlər. Standart aavadanlıqlar siyahısında TikTok sosial şəbəkəsi də var.
Yeni Mercedes-Benz E-Class modelinin təqdimatı yazda keçirilməlidir. Təqdimat tarixi hələlik açıqlanmayıb. Yeni sedanın ilin sonuna qədər Amerika bazarına çıxacağı, ilin ikinci yarısında isə, həm sedan, həm də universalın Avropada peyda olacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.