Mercedes-Benz şirkəti Experimental Safety Vehicle xəttindən olan yeni modeli təqdim edib. Təhlükəsizlik sahəsində alman istehsalçısının yeni texnologiyalarını nümayiş etdirən modelin əsasını Mercedes-Benz GLE krossoveri təşkil edib. Bu texnologiyaların bir hissəsi artıq seriya avtomobillərində tətbiqə hazırdır, digər hissəsi isə gələcəkdə reallığa çevrilə bilər.
ESF 2019 krossoveri hibrid güc aqreqatı və firma yarı avtonom idarəetmə sistemi ilə təchiz edilib. Avtonom sistem bir sıra hallarda idarəetməni öz üzərinə götürə bilər. Təhlükəsizlik sistemlərinin bir hissəsi pilotsuz rejim ilə bağlıdır. Məsələn, avtomobil elektronikanın idarəetməsi altında olduqda sükan və pedallar ön paneldə gizlənir ki, bu da qəza zamanı zədələrin qarşısını almağa yardım edir. Eyni zamanda, təhlükəzilik kəmərlərin bərkitmə nöqtələrinin yeri və hava yastıqlarının yerləşməsi də dəyişdirilmişdir. Bundan başqa, avtomobil digər hərəkət iştirakçılarını da mümkün təhlükələr barədə xəbərdar edir.
Uşaqların salondakı müdafiəsini təmin etmək üçün Pre-Safe Child sistemi işlənib-hazırlanıbdır. Yeni sistem uşaq oturacağının quraşdırılmasının düzgünlüyünü yoxlayır və orada oturan sərnişinin həyat göstəricilərinə nəzarət edir. Qəza zamanı uşaq kreslosunun kəmərlərinin öncədən gərilməsi və sərnişinə düşən yükləməni azaldan yan müdafiə elementləri işə düşür.
ESF 2019 modelinin digər maraqlı bir cəhəti qəza zamanı avtomobilin arxa hissəsindən çıxan və hərəkət edən qəza nişanının rolunu oynayan robotdur. İkinci xəbərdarlıq nişanı avtomobilin damında açılır, arxa pəncərə isə ətrafdakılara müxtəlif ismarıcları göstərən ekrana çevrilir.
Yeni modelin kütləvi təqdimat mərasimi sentyabr ayında Frankfurtda keçiriləcək avtosalonda baş tutacaqdır. Buna qədər avtomobili iyun ayında Eydhovendə keçiriləcək yol hərəkətinin təhlükəsizliyi tədbirində nümayiş etdirəcəkdirlər.