Mercedes-Benz şirkəti G-Class ofroderinin aşiqlərini sevindirəcək bir addım atıb – alman istehsalçısı avtomobilin interyerinin rəsmi fotoşəkillərini dərc edib.
Əslində yeni ofroderin ön panelinin dizaynı bizim oxucularımız üçün çoxdan sirr deyildir.
Dərgimiz dəfələrlə ofroderin interyerinin cəsus fotoşəkillərini dərc edib. Lakin, bu dəfəki şəkillər bizə avtomobilin daxili məkanı haqqında daha çox məlumat verir. İlkin olaraq, ofroderin nazik formalı ön panelini qoruyub-saxladığını bildirmək gərəkdir. Buna baxmayaraq, ön panel və mərkəzi konsolunun arxitekturası tamamilə dəyişdirilibdir. Yeni nəsil Geländewagen son E-Class və S-Class modellərindəki kimi, iki 12,3-düymlük displeylərə sahib olubdur.
Qeyd etmək lazımdır ki, avtomobil standart olaraq E-Class modelində olduğu kimi, analoq cihazlar paneli ilə təchiz ediləcəkdir. Ofroder bayraqdar S-Class modelindən alınmış sensorlu panelləri olan sükan çarxı ilə də təchiz ediləcəkdir. Havalandırma sisteminin deflektorları yeni nəsil CLS sedanında gördüklərimiz ilə eynidirlər. Lakin, bir maraqlı elementi qeyd etmək istərdik – ön panelin ucluqlarında yerləşdirilən deflektorların üzərində kvadrat şəkilli dinamiklər mövcuddur. Bu sizə nəyi isə xatırlatmır ki?
Əlbəttə ki, bunlar G-Class modelinin yumru fənərləri və onların üzərindəki dönmə işıqlarına işarədir.
Avtomobil ön oturacaqların arasında yerləşdirilən iri ölçülü mərkəzi tonnelə sahib olub. Burada multimedia sisteminin idarəetmə pultunu müşahidə etmək olar.
Tonnelin daxilində isə, müxtəlif qadjetlərin birləşdirilməsi üçün giriş nöqtələri və smartfonların induksion doldurulması meydança olan bölmə mövcuddur. Mərkəzi konsolda isə, klimat-kontrol sisteminin idarəetmə bloku və G-Class modelinə xas olan differensialların qapanmasını həyata keçirən üç düymə yerləşdirilibdir. Yeni Mercedes-Benz G-Class modelinin sükan çarxı və havalandırmalı multikonturlu oturacaqları geniş tənzimlənmə diapazonlarına malikdirlər. Arxa otuacaqlardakı məkan da ciddi şəkildə artıb. Arxa sərnişinlər fərdi klimat-kontrol sisteminə və açılan iri dirsəkaltına da sahib olublar. Arxa oturacaqlardakı ayaq zonasındakı məkan 15 santimetr artırılıbdır. Ön cərgədə də artım var, amma bu artım arxa cərgə ilə müqayisədə cüzi sayıla bilər - 38 millimetr.
Dirsək zonasında salon öndə 68 millimetr, arxada isə 56 millimetr genişlənib. Çiyinlər səviyyəsində bu göstəricilər, müvafiq olaraq, 38 və 27 millimetrdir.
Yeni “Kərpic” geniş həcmli cibləri olan qapı panellərinə də sahib olub.
Artıq bu ciblərə litrlik şüşələri rahatlıqla yerləşdirmək olar. Ötürmələr qutusunun selektorunun sükan qoluna keçirilməsi mərkəzi tonneldə iki tamölçülü stəkanaltının peyda olmasına şərait yaradıb. Üstəlik, avtomobil açılan şüşə lyuka, salonun 64 rəngdə işıqlandırılmasına və 16 dinamiki olan 590-vattlıq Burmester səs sisteminə də sahib olub.
Geländewagen aşıqlərini sevindirəcək daha bir xəbər də vardır – avtomobil rama konstruksiyasını qoruyub saxlayıbdır. Arxada kəsilməyən körpüyə malik olan ofroderin ön asqısı tamamilə yenidir – ikili qollara malik olan müstəqil asqı tənzimlənən sərtlikli adaptiv amortizatorlara yiyələnib. Ofroder hidravlik sükan gücləndiricisi əvəzinə elektrik gücləndiricisinə sahib olub.
Əlbəttə ki, yeni G-Class müasir aktiv və passiv təhlükəsizlik sistemləri kompleksinə də yiyələnib.
“Gelik” əvvəlki kimi üç qapanmaya malik olacaqdır. Bu qapanmaları yalnız əllə - düymələrə basmaqla işə salmaq mümkündür. Lakin, mexaniki differensialların əvəzinə avtomobil elektronika ilə idarələnən çoxdiskli muftalarla təchiz edilir. Mercedes mühəndisləri ən mühəkkəb yolsuzluq şəraitində belə bu muftaların qızmayacağına təminat verirlər. Alçaldıcı cərgə də qalmaqda davam edir, transmissiya isə doqquz pilləli 9G-Tronic atomatik ötürmələr qutusundur. Mühərriklərə gəldikdə isə, ikinci nəsil Geländewagen yeni altı silindrli dizel mühərrikinə sahib olacaqdır ki, bu aqreqat da 340-350 at qüvvəsi hasil edəcəkdir. 4,0-litrlik V8 biturbo mühərriki də bu çeşidə daxil edilibdir.
Özü də bu mühərrik G500 modifikasiyası ilə bərabər “bərkgedən” Mercedes-AMG G63 modelinin də kapotunun altında yerləşdiriləcəkdir. Əlbəttə ki, bu mühərrikin daha güclü variantı olacaqdır.