Mercedes-Benz şirkəti yeni S-Class flaqmanının interyerini qismən nümayiş etdirən yeni tizeri paylaşıb. Tizerdə flaqman sedanı üçün hazırlanmış multimedia sisteminin böyük ölçülü planşeti təsvir olunub. Yeni avtomobil haqqında daha ətraflı məlumat 8 iyul tarixində təqdim ediləcəkdir. Bildiyimiz kimi, yeni nəsil Mercedes-Benz S-Class modelinin təqdimatı 2020-ci ilin sentyabrında keçirilməlidir.
Yeni flaqman, vahid şüşə altında birləşdirilmiş iki displeyin əvəzinə cihazlar panelinin genişformatlı displeyinə və multimedia sisteminin düzbucaqlı iri planşetinə sahib olacaqdır. Yeni tizerdən göründüyü kimi, planşetin yuxarı hissəsində cari vaxt haqqında məlumat, mərkəzi hissəsində xəritə, aşağı hissəsində isə naviqasiya və multimedia sisteminin idarəetmə bloku nümayiş etdirilir.
Qeyri-rəsmi məlumatlara görə, model elektrikləşdirilmiş güc qurğuları ilə təchiz ediləcək, qabaqcıl elektron köməkçilərə sahib olacaqdır. Mercedes-Benz S-Class modeli kupe və kabriolet kuzovları ilə təklif edilməyəcəkdir.