Saytımızı izləyənlər yeni Mercedes-Benz S-Class flaqman sedanının və EQS elektromobilinin salonlarının avtomobillərin özlərindən öncə təqdim edildiyinə şahiddirlər. Çox güman ki, yeni PR strategiyası Mercedes-Benz markası üçün normaya çevrilir. Bu gün, alman istehsalçısı, hələ də kamuflyaj örtüyünü atmamış yeni nəsil SL modelinin interyerini nümayiş etdirib.
Avtomobilin özü haqqında bəzi vacib faktlar artıq məlumdur: SL modeli tamamilə AMG model çeşidinə keçəcək, sələfindən daha yüngül olacaq, yumşaq damı və tam ötürməni əldə edəcəkdir. Ən maraqlısı isə, modelin baza versiyası dördsilindrli mühərrik ilə təchiz olunacaqdır.
Bununla yanaşı, rəsmi olaraq SL artıq rodster deyil, kabrioletdir: Mercedes-AMG SL modeli boyu 1,5 metrdən çox olmayan sərnişinlər üçün nəzərdə tutulmuş ikinci oturacaq sırasına malikdir. İkinci cərgədə demək olar ki, şaquli kürək hissəsi, qısa yastıqları və ayaq zonasındakı məkan çatışmamazlığı olan oturacaqlar quraşdırılıb.
Ancaq bu oturacaqlardan əlavə baqaj bölməsi kimi də istifadə etmək də olar. Son dəfə belə həll yolundan R129 nəsilindən olan modeldə (1989-2001) istifadə edilmişdi.
Şirkət Mercedes-AMG SL modelinin interyerini "hiper-analoqlu" adlandırır: almanlar burada rəqəmsal texnologiyaların və analoq cazibədarlığının birləşdiyini iddia edirlər. Sonuncunun əlamətləri -havalandırma sisteminin turbin formalı deflektorları və əvvəlki kimi yuvaya salınmış 12,3-düymlük virtual cihazlar panelinin ekranıdır.
Qeyd etmək lazımdır ki, bu qismən məcburi bir qərardır, çünki günəşli havada açıq damla hərəkət edərkən, günəşliyi olmayan ekran amansızca bərq vuracaqdır.
MBUX media sisteminin monitorunun bərq vurmasını azaltmaq üçün başqa bir həll yolu icad edilib. Yumşaq dam qatladıqdan sonra, ayrıca elektrik ötürməsi multimedia sisteminin ekranını avtomatik olaraq daha şaquli vəziyyətə gətirəcəkdir.
Sensorlu ekranının diaqonalı 11,9 düymdür. Displey bir neçə rejimə və göstərmə üslubuna, habelə menyunun spesifik AMG bölmələrinə malikdir.
Mercedes-AMG SL kabrioletinin təchizatına proyeksiya ekranı, Burmester audio sistemi, kontur işıqlandırması (64 rəngdə) daxildir. Oturacaqların nappa dərisi (iki rəngli seçimlər), habelə dəri və mikrofiber birləşməsi ilə üzlənməsini sifariş etmək olar.
Yeni nəsil Mercedes-AMG SL kabrioletinin dəqiq təqdimat tarixi açıqlanmayıb. Çox güman ki, yeni model sentyabr ayında Münhendə keçiriləcək IAA avtosaloununda debüt edəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.