Mercedes-Benz V-Class miniveninin bazasında inşa edilmiş yenilənmiş Marco Polo kemperini təqdim edib. Xatırladaq ki, Mercedes-Benz şirkəti Vito və V-Class modellərini iyul ayında yeniləyib. Kamperin həm eksteryeri, həm də interyeri nəzərəçarpacaq dərəcədə modernləşdirilib, onun rahatlıq səviyyəsi yüksəldilib, avadanlıq siyahısına isə yeni “ağıllı” opsiyalar əlavə edilib.
Yeniliyin təqdimatı Almaniyanın Düsseldorf şəhərində keçirilmiş Caravan Salon 2023 sərgisində baş tutub. Eyni zamanda, burada Marco Polo kemperinin rəqibləri olan Volkswagen T7 California konsepti və Ford Transit Custom Nugget də təqdim edilib.
Yenilənmiş Mercedes-Benz V-Class Marco Polo modeli əvvəlkindən böyüdülmüş radiator barmaqlığı və dəyişdirilmiş bamperləri ilə fərqlənir. Kemper adaptiv Multibeam LED fənərlərini, arxada isə yenilənmiş naxışları olan fənərlərini və “Mercedes-Benz” yazısı olan xrom lövhəni alıb. Həmçinin yeni kuzov rəngləri və radiator barmaqlığının ətrafına diod zolağı ehtiva edən AMG Line paketi də əlçatandır.
Dizaynerlər interyer üzərində də işləyiblər. Salonda özündə iki 12,3-düymlük displeyi birləşdirən panel və ən son nəsil MBUX multimedia kompleksi var. Bundan başqa, havalandırma sisteminin deflektorları dəyişdirilib, mərkəzi konsolda simsiz enerji doldurma bölməsi peyda olub. Yeni sükan sürücünün əllərinin sükan çarxında olub-olmadığını aşkarlayır.
Marco Polo kemperi Mercedes-Benz Advanced Control (MBAC) interfeys modulu sayəsində “ağıllı” evə çevirilir. Bu interfeys kemperin funksiyalarını kabindəki ekran və smartfon proqramı vasitəsilə idarə etməyə imkan verir.
Məsələn, bir kliklə, şəhərdən kənarda lazım olmayan bir neçə funksiyanı eyni anda söndürmək mümkündür. Bundan başqa, minivenin arsenalında, onu kiçik bucaq altında park etdikdə, kemperin döşəməsini rəvanlaşdıran AirMatic pnevmatik asqısı var.
Marco Polo əvvəlki kimi, çarpayısı olan yuxarı qalxan dama, qatlanan masaya, qarderob və quraşdırılmış mətbəxlə təchiz edilir. Kemperdə dörd nəfər yerləşə bilər. Mercedes-Benz Marco Polo doqquz pilləli “avtomat” ilə tandemdə çalışan və müxtəlif güc variantında təklif olunan 2,0-litrlik dördsilindrli dizel mühərriki ilə hərəkətə gəlir. Ötürmə - arxa və ya hər iki oxa ola bilər.
Səyahətçilər üçün təkmilləşdirilmiş V-Class-ın qiyməti hələlik məlum deyil. Almaniyada hazırkı Marko Polo üçün onlar ən azı 75 291 avro istəyirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.