Mercedes-Benz şirkəti yenilənmiş S-Class modelinin qarşıdan gələn debütü öncəsi, əsas detalları paylaşaraq 2026-cı ildə güclü bir başlanğıc edib. Yenilənmiş flaqman təxminən 2700 yeni və ya yenilənmiş detalları alaraq, öz tarixindəki ən böyük yenilənmədən keçəcək. Bu, həyat dövrünün ikinci yarısına addım atan avtomobilin yarıdan çoxunun təkimilləşdirilməsi deməkdir.
Ayın sonuna planlaşdırılan dünya premyerasından əvvəl, yenilənmiş S-Class dizayndakı yenilənmələri gizlədən nazik kuzov örtüyü ilə qarşımıza çıxıb. Mercedes-Benz kamuflyajda xüsusi dəliklər açaraq, faralar və arxa işıqlardakı peyda olan üçşüalı ulduz motivini göstərib. Beləliklə, Ştutqart istehsalçısının top sedanı, sonuncu modellərdə olduğu kimi, əfsanəvi loqotipin birbaşa inteqrasiya olunduğu işıqlandırma texnikasına sahib olacaq.
Lakin daha vacib dəyişikliklər kapotun altında yerləşir. S450 və S500 versiyaları yenilənmiş altısilindrli mühərriki alacaqlar. M256 Evo adını almış mühərrik əvvəlki S500 modelindəki aqreqat ilə müqayisədə 40 Nm daha çox (600 Nm) fırlanma anı hasil edir.
Fırlanma anını qısa müddətə 640 Nm-ə qədər artıran funksiya da təkmilləşdirmələr arasındadır. Güc göstəricisi barədə rəqəmlər açıqlanmayıb, xatırladaq ki, əvvəlki S500 modelinin 3,0-litrlik mühərriki 442 at qüvvəsinə malik idi.
Büdcəsi səkkizsilindrli mühərriki quraşdırmağa imkan verən alıcılar üçün isə, düz dirsəkli valı olan M177 Evo indeksli V8 mühərrikini alacaq S580 modifikasiyası nəzərdə tutulub. Bəli, AMG GT Black Series modelindəki M178 LS2 mühərrikindəki kimi. Bu aqreqat 530 at qüvvəsi və 750 Nm hasil edir ki, bu da əvvəlki ilə müqayisədə 34 at qüvvəsi və 50 Nm artım deməkdir.
Hasilat artımından əlavə, yeni alışdırma və təkmilləşdirilmiş püskürtmə sistemi, habelə yenidən işlənmiş giriş paylayıcı valı səmərəliliyi artırır. Mühəndislər həmçinin giriş və çıxış kanallarını yenidən işləyiblər ki, bu da məhsuldarlığın yaxşılaşmasına və yanacaq sərfiyyatının azalmasına səbəb olub.
Yenilənmiş S-Class sedanı tərkibinə moderləşdirilmiş altısilindrli mühərrik və elektrik mühərriki daxil olan güc qurğusu ilə hərəkətə gələn S580e plagin hibridi şəklində də təklif ediləcək. Ümumi güc 74 at qüvvəsi artacaq, elektrik ötürməsi ilə qət edilən məsafə isə, WLTP dövrünə görə100 kilometrdən çox olacaq.
Gələcəkdə Mercedes-Benz S-Class sedanının bütün benzin versiyaları hissəcik filtrləri və təzyiq altında olan yanacaq çənləri ilə təchiz edəcək. Dizel mühərrikləri də diqqətdən kənarda qalmayıblar, çünki S350d və S450d versiyaları daha sərt emissiya qaydalarına cavab verən OM 656 Evo aqreqatını alacaqlar. Alman lüks avtomobil istehsalçısı, seriya istehsalında soyuq işə salmadan sonra zərərli tullantıların səviyyəsini azaltmağa imkan verən elektriklə qızdırılan katalitik neytralizatoru tətbiq edən ilk şirkət olduğunu söyləyir.
Hər üç mühərrik 17 kilovatlıq starter-generatordan istifadə edən mülayim hibrid texnologiyasına malikdir və yanacaq sərfiyyatını azaltmaq üçün hazırlanmış 48 voltluq elektrik sistemi ilə tamamlanır. Qüdrətli V12 mühərriki haqqında hələlik heç bir məlumat yoxdur, lakin Mercedes artıq belə mühərriki Maybach S-Class sedanında quraşdıracağını təsdiqləyib. Mercedes-AMG S63 sedanının elektrikləşdirilmiş V8 mühərriki ilə təchiz edilməsi ehtimalı da mövcuddur.
Yenilənmiş güc qurğularından başqa, lüks sedanın standart olaraq idarələnən arxa təkərləri alacağı bildirilib - doğrudur, 4,5 dərəcəlik dönmə bucağı ilə. 10 dərəcəlik dönmə bucağına malik olan tamölçülü sistem opsionaldır və uzun təkər bazası olan modelinin dönmə dairəsini təxminən iki metrə qədər azaldır.
Standart pnevmoasqı daha yumşaq gediş təmin etmək üçün təkmilləşdirilib. Yenilənmiş S-Class salona ötürülən zərbəsi azaltmaq üçün, yoldakı maneəyə (məsələn, “uzanmış polis”) çatmazdan əvvəl elektrik ötürməsi vasitəsi ilə amortizatorın dempfirlənməsini tənzimləyə bilər. Sistem digər Mercedes-Benz avtomobilləri tərəfindən toplanan bulud əsaslı məlumatlardan istifadə edərək yoldakı kələ=kötürləri proqnozlaşdırır.
S-Class modelinin yenilənmiş versiyası 29 yanvarda təqdim edilməlidir. Bir il sonra isə, uzunbazalı Maybach versiyası işıq üzü görməlidir. Maraqlı fakt: ötən il dünya miqyasında satılan hər üçüncü S-Class modeli ikiqat M loqotipini daşıyıb, Çində isə, 2025-ci ildə satılmış S-Class modellərinin yarısını uzunbazalı versiya təşkil edib.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.








