99 nüsxəlik tirajla buraxılmış Mercedes-Maybach G650 Landaulet modelinin son nüsxəsi Bonhams hərrac evi tərəfindən təşkil edilən hərracda 1,2 milyon avroya (2,4 milyon manata), adının çəkilməsini istəməyən, belçikalı müştəriyə satılıb. Xatırladaq ki, baza qiyməti 630 min avro olan dəbdəbəli ofroderin birinci nüsxəsi 1,3 milyon avroya satılmışdı.
“Lando” kuzovlu ofroder Mercedes-Benz G 500 4x4² modelinin bazasında yaradılmışdır. Bu dəbdəbəli ofroderin portal körpülər və bütün differensialların qapanması ilə təchiz edildiyidən xəbər verir. Mercedes-Maybach G 650 Landaulet ofroderinin klirensi 450 millimetrə bərabərdir. Avtomobilin təkər bazasının uzunluğu 3428 millimetrdir ki, bu da Mercedes-Benz G-Class modelinin standart variantında olduğundan 578 millimetr daha uzundur.
İlk Maybach ofroderi Mercedes-AMG bölməsinin məhsulu olan V12 mühərriki ilə hərəkətə gəlir. 6,0-litrlik mühərrik 630 at qüvvəsi və 1000 Nm fırlanma anı təklif edir. Mercedes-Maybach G 650 Landaulet modelinin ilk kütləvi təqdimat mərasimi mart ayında keçirilmiş 87-ci Beynəlxalq Cenevrə avtosalonunda baş tutmuşdur. Mercedes-Maybach G 650 Landaulet ofroderinin istehsalı Magna Steyr şirkətinin Avstriyadakı müəssisəsində aparılır.