Mercedes-Maybach GLS modelinin seriya variantı bu il Paris avtosaloununda nümayiş etdirilmiş Maybach Vision Ultimate Luxury konsepti ilə ümumi cəhətə malik olmayacaqdır. Ümumilikdə, digər müasir Maybach modellərində olduğu kimi, Mercedes-Maybach GLS modeli də adi Mercedes-Benz GLS krossoverinin daha zəngin tərtibatlı və dəbdəbəli modfikasiyası olacaqdır.
Şəkillərdən də göründüyü kimi, Maybach GLS adi modellə eyni təkər bazasına malik olacaqdır. Bununla belə, modelin interyeri tamamilə yenidən işlənəcək və ikinci cərgə daha dəbdəbəli və rahat olacaqdır. Avtomobilin eksteryerində və texniki hissəsində də müəyyən yeniliklər olmalıdır.
Maybach bölümünün baş mühəndisi Yurgen Vaysinger Autocar dərgisinə verdiyi müsahibəsində dəbdəbəli krossoverin, Magic Body Control sistemindən daha çox rahatlığı təmin edəcək asqıya sahib olacağını bildirib. Eyni zamanda, modelin xarakteri onun təyinatına uyğun olaraq dəyişidiriləcəkdir - axı Mercedes-Maybach GLS modelinin sahibinin sükan arxasında deyil, arxa cərgədə oturacaqdır.
Mercedes-Maybach GLS modelinin bu ay keçiriləcək Los-Anjeles avtosalonunda debüt edəcəyi gözlənilir. Yeni modelin əsas rəqibləri Range Rover SVAutobiography, Bentley Bentayga və BMW X7 modelləri olacaqdır.