Yaxın aylarda Mercedes-Maybach ailəsi daha bir model ilə zənginləşəcəkdir. Bayraqdar Mercedes-Benz GLS krossoverinin bazasında hazırlanmış dəbdəbəli modelin təqdimat mərasimi noyabr ayında baş tutmalıdır.
«Autocar» nəşri alman şirkətinin daxilindəki mənbələrinə istinadən, Mercedes-Maybach GLS modelinin rəsmi təqdimatının yaxın aylarda keçiriləcəyini bildirib. Əgər şayiələr doğrudursa, dəbdəbəli Maybach krossoverinin Los Anceles avtosalonunda debüt edəcəyi gözlənilir. Dəbdəbəli krossoverin əsas bazarının ABŞ olduğunu nəzərə alsaq, modelin debüt məkanının Los Ancelesin seçilməsi daha məntiqəuyğundur. ABŞ-dan sonra isə, alman istehsalçısının ən çox ümid bəslədiyi bazarlar Çin və Rusiyadır.
Renderləri Kolesa.ru saytı hazırlayıb
Mercedes-Maybach GLS modelinin bu subbrendə məxsus olan sedanlar kimi, sahibinə yüksək səviyyəli komfort və dəbdəbəni təklif edəcəyində şübhə etməmək olar. Dəbdəbəli krossover adi GLS modelindən Maybach modellərinə xas olan şaquli zolaqları olan radiator barmaqlığı, bolluca xrom elementlər və xüsusi dizayna malik olan təkər diskləri ilə seçiləcəyini ehtimal etmək olar.
Çox güman ki, dəbdəbəli krossover ikinci cərgədə sərnişinlərə maksimum məkan və rahatlıq təklif edən iki fərdi oturacaqla təchiz olunacaqdır.