Bir neçə gün bundan öncə, Mercedes-Benz şirkəti Maybach subbrendinin bayraqdar modeli olan Mercedes-Maybach S 680 modelinin şəkillərini dərc edərək müəyyən məlumatla bölüşmüşdü. Flaqman sedanının 6,0-litrlik V12 mühərriki ilə təchiz olunduğu təsdiqlənsə də, güc aqreqatının xüsusiyyətləri açıqlanmamışdı.
Bu məsələyə alman istehsalçısının dilerləri aydınlıq gətiriblər. Sizi çox intizarda saxlamayacağam – 6,0-litrlik V12 biturbo mühərriki 612 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 9G-Tronic “avtomatı” ilə tandemdə çalışır.Bu rəqəmlər sizə tanış gələ bilər və burada təəccüblü bir şey yoxdur, çünki yeni flaqman əvvəlki Mercedes-Maybach S 650 modelinin birbaşa varisidir. Flaqman sedanı 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır.
Daha bir vacib məlumat flaqman sedanının 4Matic tam ötürməsi ilə təklif ediləcəyidir. Tam ötürmə sistemi adi halda fırlanma anının 69 faizini arxa, 31 faizini isə ön öxa ötürür. S 580 modelində olduğu kimi, ən güclü Maybach sedanı da tam idarəolunan şassiyə malikdir.Bu uzunluğu 5469 millimetr olan sedanın manevr qabiliyyətini yaxşılaşdırmalıdır.
Bununla belə, Mercedes-Maybach S 680 4Matic modeli alman markasının ən güclü sedanı olmayacaqdır. Bir müddət sonra, AMG bölməsi iki “bərkgedən” flaqman sedanını təqdim etməlidir – bunlar 700 at qüvvəli Mercedes-AMG S63e və 800 at qüvvəli Mercedes-AMG S73e sedanlarıdır. İndekslərdən də göründüyü kimi,hər iki “bərkgedən” sedan hibrid güc qurğusuna sahib olacaqdır.
Qeyd etmək gərəkdir ki, superkar və hiperkarları saymasaq Mercedes-Maybach S 680 modeli dünyanın ən bahalı avtomobillərindən biri olacaqdır. Dəbədəbəli sedanın Almaniyadakı satış qiyməti 217 min avrodan başlayır.