Mercedes-Benz şirkəti yenilənmiş Maybach bayraqdar sedanını təqdim edib. Təkmilləşdirmələrdən sonra Maybach modellərini adi S-Class sedanlarından ayırmaq daha asan olub. Yenilənmiş sedanın təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.
Yenilənmiş dəbdəbəli sedan Vision Mercedes-Maybach 6 konseptinin üslubunda dizayn edilmiş radiator barmaqlığına və ikirəngli boyama sxeminə sahib olub. İkrəngli Maybach modelləri üçün doqquz müxtəlif tərtibat variantı mümkündür. Tünd rəngi kuzovda boyanın daha parlaq alınması təmin etmək üçün iki şəffaf lak qatı ilə örtmək olar. İkinci lak qatının vurulmasından öncə aparılan pardaxlama işləri tamamilə əllə həyata keçirilir. Bundan başqa, sedan üçün 20-düymlük təkər disklərinin üç variantı təklif edilir. Onların arasında Mercedes-Maybach S-Class kabrioletində debüt etmiş disklər də vardır.
Bayraqdar sedanın interyeri iki yeni ikirəngli sxemdə tərtib edilə bilər: tünd qəhvəyi/qara və açıq qəhvəyi/qara. Tamamilə qara tərtibat sxemi seçildikdə interyerdəki tikişlər mis, qızılı və ya platin rəngində ola bilər.
Mercedes-Maybach S-Class modeli iki modifikasiyada təklif ediləcəkdir: S 560 4Matic və S 650. Onlardan birincisi 469 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik biturbo V8 mühərriki, ikincisi isə, 630 at qüvvəsi və 1001 Nm fırlanma anı təklif edən 6,0-litrlik V12 mühərriki ilə təchiz edilir.