Mercedes-Benz şirkətini başqasına məxsus olan Tesla Model X krossoverini korlamaqda ittiham edirlər. İş orasındadır ki, alman istehsalçısı Sixt firmasının vasitəsilə özəl şəxsə məxsus olan krossoveri kirayəyə götürüb.
Spiegel dərgisinin bildirdiyinə görə, Ettin-in-Bayern şəhərindən yaşayan və avtomobilin sahibi olan cütlük istehsalçıdan beş rəqəmli məbləğdə kompensasiya tələb edir. Mercedes-Benz şirkəti yeddi həftə ərzində krossoveri Zindelfingendəki poliqonda intensiv sınaqlardan keçirib.
Sınaqlar zamanı, avtomobil yüksək temperaturlar və vibrasiyalar şəraitində yoxlamalardan keçib. Eyni zamanda, müqavilənin şərtlərinə zidd olaraq, krossoverdən Barselonaya səfər üçün istifadə edilib. Avtomobili sahibinə qaytarmazdan öncə tamamilə söküb, sonra isə yenidən yığıblar.
Mercedes-Benz EQ concept
Böyük ehtimalla, Model X modelini alman istehsalçısının EQC elektrik krossoverinin yaradılması proqramı çərçivəsində sınayıblar. Adətən istehsalçılar sınaqlar üçün gərək olan avtomobilləri satın alırlar. Məsələn, McLaren Automotive şirkəti 570S modeli üzərində işləyən zaman, yeni modelin əsas rəqibi olan Porsche 911 GT3 modelini satın almışdı.
Mercedes-Benz EQ konsept avtomobili 2016-cı ildə Paris avtosalonunda nümayiş etdirilib. Onun seriya variantı gələn il işıq üzü görməlidir. Prototip 409 at qüvvəsi hasil edən iki elektromotor və 70 kilovat-saatlıq batareyalar ilə təchiz edilib. 100 km/saat həddinə krossover 5 saniyədən az müddətə sürətlənir. Onun yürüş ehtiyatı 500 kilometrdir.