Mercedes konserni DTM çempionatındakı iştirak Ştutqart markasını təmsil edəcək son iki pilotun adını açıqlayıb.
Bu pilotlardan birincisi Formula 1 çempionatında iki mövsümü Sauber komandasında çıxış etmiş 2015-ci ilin DTM çempionu Paskal Verlyayndır. 22 yaşlı alman pilot Formula 1 çempionatındakı karyerasını davam etdirmək şansından məhrum olduqdan sonra DTM çempionatına qayıtmaq qərarına gəlib. «Mən Formula 1 çempionatında çıxış edərkən DTM seriyasında baş verən hadisələri diqqətlə izləyirdim.
Hətta komandanı dəstəkləmək üçün bir neçə mərhələyə də baş çəkmişdir, - Verlyayn Mercedes şirkətinin mətbuat xidmətinə bildirib. - Mənim Hokkenhaymda keçirdiyim son yarışdan sonra DTM-də çox şey dəyişib.
Buna baxmayaraq, səbirsizliklə yarışların başlanmasını gözləyirəm».
Daniel Xunkadelya
Ştutqart komandasında boş qalan ikinci yerin sahibi Daniel Xunkadelya olub. Bir illik fasilədən sonra ispan pilot yenidən Mercedes komandasına geri qayıdıb. Daniel keçən ilk həm DTM komandasının ehtiyat pilotu olub, həm də müxtəlif seriyalarda alman markasını təmsil edib. Bu seriyalar misal olaraq Blancpain GT, VLN və «Nürburqrinqin 24 saatı» marafonunu göstərmək olar.
«Yenidən DTM çempionatına qayıtmaq əla hissdir, - Daniel bildirib. - İllik fasilədən sonra DTM avtomobilində mübarizə aparmaq üçün çox darıxmışam. Keçən il müxtəlif seriyalarda çıxış edərək çox böyük təcrübə qazandım. Üstəlik, ehtiyat pilotu olduğum üçün çempionatda baş verən dəyişikliklərdən xəbərdaram. Bu səbəbdən də özümü əvvəlkındən daha inamlı hesab edirəm».
Ulrix Frits
Daniel Xunkadelya 2013-2016-cı illər arasında DTM çempionatında çıxış edib və 56 yarışda 75 xal toplamağa müvəffəq olub. «Daniel komandamızda yeni deyildir, - Mercedes komandasının rəhbəri Ulrix Frits bildirib. - O keçən il komandanın test və ehtiyat sürücüsü kimi bütün tədbirlərində iştirak edib və yeni texnika ilə yaxından tanışdır. Güman edirəm ki, onun yeni şəraitə uyğunlaşmasına ehtiyac yoxdur.
Əminəm ki, Daniel öz təcrübəsi ilə komandaya tam dəstək verəcəkdir».