Mercedes komandası hamilik etdiyi Paskal Verlyaynı gələn mövsümdə Williams komandasında görmək istəyir. Artıq alman komandası bu məqsədini həyata keçirmək üçün növbəti cəhdə də əl atıb.

2018-ci ildə Lens Strollun komanda yoldaşı olmaq üçün namizədlərin Felipe Massa, Robert Kubisa və Pol di Resta olduğu bilinir.

Scuderia Toro Rosso ilə yolları ayrılan Daniil Kvyatın da, çempionatda yeganə boş qalan yerə namizədliyini irəli sürəcəyi ehtimal olunur. Buna baxmayaraq, Mercedes Paskal Verlyaynı Formula 1 çempionatında saxlamaq üçün əlindən gələni etməyə hazırdır.  «Mercedes artıq Williams rəhbərliyinə Paskalı komandaya götürmək müqabilində mühərriklərin qiymətinə güzəşt edəcəyini söyləyib, - Speedweek.com nəşrinə Mercedes komandasının daxilindəki mənbə bildirib. - Lakin, Williams komandasının bu şərtləri qəbul edib-etmədiyi məlum deyildir.

Hər şey, Lensin atası Lourens Strollun bu təklifə münasibətindən asılıdır».