Təxminən 3 il əvvəl ABŞ-ın Kaliforniya ştatında mərmi formalı naməlum təyyarə ilk dəfə görülmüşdü və hamıda maraq oyatmışdı. Nəhayət, ABŞ-ın Otto Aviation şirkəti keçən həftə Celera 500L adlı futuristik, uzun mənzilli və aşağı sərfiyyatlı təyyarəsini təqdim edib. On ildən artıqdır ki, üzərində işlədikləri bu təyyarə ilə aviasiyanın gələcəyini müəyyənləşdirmək, özəl cetlərə daha çox diqqət çəkmək məqsədini güddüklərini bildiriblər.
First class sinfində cəmi 6 sərnişin daşıya bilən 500L müasir biznes cetlərlə eyni sürətdə, lakin 8 dəfə az sərfiyyatla uçmağı hədəfləyir. Mənzili isə 2 dəfə çox olmalıdır. Şirkət keçən ilin noyabr ayından bəri 31 test uçuşu reallaşdırdıqlarını, bunun yanacağa ən çox qənaət edən təyyarə olduğunun təsdiqləndiyini bildirib.
Təyyarənin sərfiyyatı o dərəcədə azdır ki, onu kirayələmək hətta bəzi hava yolları şirkətlərinin təqdim etdiyi ən yüksək siniflərdə uçmaqdan daha sərfəli olacaq. Sərfiyyatın az olmasında mərmiyə oxşayan gövdə formasının böyük rolu var - sürtünmə minimuma endirilib və hava boşluğundan təsirlənmək ehtimalı çox aşağıdır.
Gücünü RED A03 motorundan alan Celera 500L aerodinamik quruluşuna görə qalxış və maksimal sürətə çatmaq üçün daha az at qüvvəsinə ehtiyac duyur. Bu mühərrik ənənəvi təyyarə yanacağı olan Jet A1 biodizel ilə işləyir, quyruğun arxasında yerləşən itələmə qüvvəsi yaradan pərvanəyə və 12 silindrə sahibdir.
Bu təyyarənin 2023-cü ildən etibarən xidmət göstərəcəyi gözlənilir. Onun bazara girişinin Covid-19 sonrası dövrdə çox faydalı olacağı, ailələr və kiçik qruplar üçün uzun məsafələrdə əsas nəqliyyat vasitəsi olacağı gözlənilir. Otto Aviation pandemiyanın yaratdığı vəziyyəti fürsət olaraq görür, kiçik mənzilli uçan taksilər üzərində işləyən digər şirkətlərdən fərqli iş gördükləri üçün bu təyyarənin onlara böyük üstünlük verəcəyini düşünür.
Prototipdə pəncələrələr olmasa da, sərnişinlər üçün olan versiyada pəncərələr quraşdırılacaq. Onların gövdənin dizaynına uyğun formada olacaqları bildirilib. Şirkət həm də bildirib ki, hazırda 500L-dən 2 dəfə böyük olan hibrid elektrikli motorlu ikinci bir model üzərində də işləyirlər.