Məşhur BMW 3 Series modeli 1975-ci ildə debüt edib. Beləliklə, əfsanəvi model bu il 50 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisəni qeyd etmək üçün, alman istehsalçısı Şimali Amerika bazarı üçün xüsusi yubiley nəşrini - BMW M340i xDrive 50 Years Edition sedanını hazırlayıb.
Kuzov, interyer və dekor rəngləri ilə fərqlənən beş xarici tərtibat variantı hazırlanıb. Hər bir versiya BMW 3 Series modelinin əvvəlki nəslinə həsr olunub. Bütün versiyalarda qara rəngə boyanmış radiator barmaqlığı və bamperdəki hava girişləri, BMW M Shadowline LED faraları, baqaj qapağındakı karbon spoyler və xatirə nişanı var. Bundan başqa, Shadowline çıxış boruları olan M Performance buraxılış sistemi və parlaq qara rəngli 19-düymlük M disklər quraşdırılır.
Yubiley nəşrinin interyerinin ən diqqət çəkən məqamı, ABŞ-da 3 Series üçün ilk olaraq təklif edilən, Merino dərisi ilə genişləndirilmiş tərtibatdır. Oturacaqlar ilə yanaşı, ön panel istisna olmaqla, qapı panelləri və dirsəkaltılar dəri ilə örtülür. Təchizata həmçinin karbonplastikdən dekor, Harman/Kardon audio sistemi, kandar lövhələri və mərkəzi konsolun qapağındakı metaldan xatirə lövhəciyi daxildir.
E21 kod adlı ilk "üçlüyün" şərəfinə hazırlanmış G20 seriyasından olan sedan parlaq qırmızı əyləc mexanizmləri ilə tamamlanan Ruby qırmızı metallik rənginə boyanır. Salon fil sümüyü rəngində tərtibata malikdir. BMW E30 modelinə həsr olunmuş versiya (bu nəsil 1982-ci ildə peyda olub) mavi supportlarla tamamlanan yaşıl Boston rənginə boyanıb. Salon qəhvəyi Tartufo rəngində tərtibata malikdir.
1990-cı ildə debüt edən E36 nəslindən olan BMW 3 Series nodelinin şərəfinə hazırlanmış versiya da mavi əyləc mexanizmlərinə və Tartufo tərtibatlı salonuna malikdir. Lakin bu versiyanın kuzovu mavi Avus rənginə boyanıb. Bu, rəsmi firma şəkillərində yer alan avtomobildir. 1997-ci ildə debüt edən E46 nəslindən olan 3 Series modelinin şərəfinə hazırlanmış xüsusi yubiley versiyası qara Carbon rənginə boyanıb, qırmızı əyləc mexanizmlərinə və qara salona malikdir. Nəhayət, E90 nəslinə (2004-cü ildə debüt edib) həsr edilmiş versiya gümüşü Sparkling Graphite rəngində kuzova, qırmızı supportlara və Tartufo dərisi ilə üzlənmiş salona malikdir. F30 indeksinə malik olan BMW 3 Series (2011) modelinə xüsusi yubiley versiyası həsr edilməyib.
Yuxarıda qeyd olunan M Performance buraxılış sistemi istisna olmaqla, güc aqreqatı standartdır. 48 voltluq mülayim hibrid üstqurumu olan 3,0-litrlik altısilindrli turbomühərrik ABŞ spesifikasiyasında 391 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. Transmissiya - səkkiz pilləli avtomatik ötürmələr qutusudur. Avtomobil tamötürməlidir. Yubiley sedanının 60 mil/saata (97 km/saat) sürətlənməsi 4,1 saniyə çəkir.
Yubiley nəşrinə sifarişlərin qəbuluna artıq başlanılıb, müştərilərə çatdırılmaların gələn ilin əvvəlində başlaması planlaşdırılır. Tərtibat variantından asılı olmayaraq, BMW M340i xDrive 50 Jahre Edition modelinin qiyməti 75.200 dollardır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









