Adətən Messerschmitt dedikdə bir çoxlarının gözünün önündə İkinci Dünya Müharibəsinin məşhur təyyarələrindən biri olan Bf 109 qırıcısı canlanır. Almaniyanın İkinci Dünya Müharibəsindəki məğlubiyyətindən sonra, Messerschmitt şirkətinə təyyarə buraxmaq qadağan edilmişdi, buna görə də almanlar Kabinenroller ləqəbli sadə üçtəkərli avtomobili buraxmaq qərarına gəlmişdilər.
Bütün bunlar keçən əsrin ortalarında baş vermişdi, amma gəlin müasir dövrə qayıdaq. Koronavirus pandemiyası bir çox şirkətin fəaliyyətini dayandırmasına və orada çalışan şəxslərin işsiz və maaşsız qalmasına səbəb olub.
Belə bir vaxtda, hazırda Messerschmitt-Werke adlanan şirkət boş dayanmanı dəyərləndirmək üçün "Kabinenrolleri" canlandırmaq və hətta onu çoxaltmaq qərarına gəlib. Nəticədə, Kabinenroller modelinin iki versiyası peyda olub - KR-202 və KR-E5000. Avtomobillərdən birincisi benzinlə işləyir, ikincisi isə, tamamilə elektrik ötürməsi ilə hərəkətə gəlir.
Zahiri cəhətdən mikrokar orijinal modelə bənzəsə də, texniki cəhətdən yeni trisikl heç də əvvəlki KR200 modeli deyil. Avtomobil hidravlik əyləc mexanizmlərinə, tənzimlənən asqıya, yüksək möhkəmlikli ərintilərdən hazırlanmış ramaya və fiberqlasdan yaradılmış kuzova malikdir.
Benzin variantı elektron yanacaq püskürtməsi olan 125 kubluq birsilindrli mühərriklə təchiz edilir. Mühərrikin gücü 7,3 at qüvvəsidir. Elektrik variantı isə benzin versiyasından da zəifdir və 6,7 at qüvvəsinə malikdir. Hər iki variantın qət etdiyi məsafə 160 kilometrdən çox deyil, maksimal sürət həddi isə 120 km/saatda “dayanır”.
Bundan başqa, yeni Kabinenroller yüngülləşdirilmiş çəkisi ilə də fərqlənir. Əlbəttə ki, buna daha yüngül materiallardan istifadə sayəsində nail olunub. KR-202 modelinin çəkisi 220 kiloqram, KR-E5000 modelinin çəkisi isə 195 kiloqramdır. Lakin bu, yalnız 80 kilometrlik yürüş ehtiyatını təmin edən yeganə batareya ilə təchiz olunmuş versiyaya aiddir. Bununla yanaşı, opsiya şəklində təklif edilən əlavə akkumulyator çəkini o qədər də artmayacaqdır.
Trisiklə sifarişlər artıq qəbul olunur. KR-202 modelinin ilk 20 nüsxəsi 10.950 avroya satılacaqdır. E5000 modeli isə daha bahalıdır – elektrokarın qiyməti 12.950 avrodan başlayır.