Mitsubishi Pajero 1982-ci ildən 2021-ci ilə qədər istehsal olunub və 170-dən çox ölkədə 3,25 milyondan çox alıcı tapıb. Sonuncu, dördüncü nəsil modelin satışdan çıxarılmasından sonra, mütəmadi olaraq ofrouderin tezliklə geri dönəcəyi barədə şayiələr yayılsalar da, yapon istehsalçısı bu məlumatı heç vaxt təsdiqləməyib. Lakin bu ilin əvvəlində yapon şirkəti rallidəki iştirakına həsr olunmuş video yayımlayıb: görüntülərdə bir çoxlarının yeni Pajero modelinin müjdəçisi hesab etdiyi ofrouder yer alıb.
İndi isə, Mitsubishi rəsmi olaraq məşhur ofrouderin model xəttinə qayıdacağını elan edib: yeni Pajero tizerdə nümayiş etdirilib və onun təxmini satış tarixi açıqlanıb. Yeganə tündləşdirilmiş görüntüdə ön fənərlərin T-formalı blokları nümayiş etdirilir, üstəlik, onlar yanvar ayında göstəriləndən fərqli işıq naxışına malikdir.
İlk fərziyyələrə görə, yenidən canladırılmış Pajero modeli cari Nissan Patrol ofrouderi ilə eyni texniki hissəni paylaşmalı idi . İndi isə, istehsalçı ofrouderin hazırkı altıncı nəsil Mitsubishi L200/Triton pikapının çərçivəli konstruksiyasını alacağını açıqlayıb və bu da yeni modeli orijinal Pajero modelindən daha çox Pajero Sport modelinə bənzər edir.
Bununla belə, yeni Pajero modelinin yenidən tənzimlənmiş asqını və pikapdakından daha rahat interyeri alacağı bildirilir. Bundan əlavə, Pajero brendin flaqmanı adlandırılıb: görünən odur ki, o, brendin model xəttində L200/Triton pikapının əsasında hazırlanacaq gələcək Pajero Sport ofrouderindən bir pillə yuxarıda yerləşəcək.
Hal-hazırda yeni model haqqında başqa məlumat yoxdur. Xatırladaq ki, satış bazarından asılı olaraq, Mitsubishi L200/Triton pikapı 128 at qüvvəli 2,4-litrlik benzin mühərriki və gücü 150, 184 və ya 204 at qüvvəsi olan eyni həcmli turbodizel ilə təklif edilir. Alıcılar mexaniki və ya avtomatik transmissiyalar, arxa və ya tam ötürmə sistemi arasında seçim edə bilərlər. Top versiyalarda quraşdırılan Super Select 4WD-II sistemi özükilidlənən oxlararası asimmetrik differensiala malikdir
Yenidən canlandlırılan Mitsubishi Pajero ofrouderinin bu payızda debüt edəcəyi gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









