Çinin SAIC konserninə məxsus olan MG markası idman imicini qorumağa və gücləndirməyə çalışır. Gənc alıcıları cəlb etmək üçün, çinlilər MG 6 liftbekinin iki "cəsarətli" modifikasiyasını hazırlayıblar. Xatırladaq ki, 4,7 metrlik uzunluğa malik olan model 2017-ci ildə debüt edib və 2020-ci ildə planlaşdırılmış yenilənmədən keçib.
Birinci "idman" modifikasiyası MG 6 Pro adlanır, onun əsas xüsusiyyəti ön tərəfin yeni MG Pilot və MG 5 modellərinin üslubunda hazırlanmış dizayndır. Belə liftbek fərqli işıq texnikası və geniş radiator barmaqlığı ilə yanaşı, daha çıxıntılı kapota sahib olub. Arxa hissədə - orijinal antiqanad, iri diffuzor və buraxılış sisteminin düzbucaqlı çıxış boruları quraşdırılıb.
MG 6 Pro
İnteryerdəki dəyişikliklər kuzov rəngində olan rəngarəng dekordan və oturacaqların ikirəngli üzlüklərindən ibarətdir . Texniki hissədə ümumiyyətlə dəyişiklik yoxdur: MG 6 Pro liftbeki yalnız 181 at qüvvəsi və 285 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik və iki muftalı yeddi pilləli "robot" ilə təklif olunur.
İkinci yeni modifikasiya MG 6 XPower adlanır və daha aqressiv görünüşü ilə seçilir. Avtomobil standart “üzə” sahibdir, lakin onun xarici görünüşü inkişaf etdirilmiş "idman" kuzov dəsti ilə tamamlanır. Dəstin tərkibinə təkər tağlarının genişləndiriciləri, iri hava girişləri olan yeni ön bamper, daha böyük antiqanad və arxa diffuzor daxildir. Salon standartdır, lakin tünd rənglərdə tərtib edilib.
MG 6 XPower
XPower modifikasiyasının əsasını MG 6 modelinin hibrid modifikasiyası təşkil edir. Hibrid qurğunun tərkibinə 169 at qüvvəli 1,5-litrlik turbomühərrik, 136 at qüvvəli elektromotor və 7-pilləli “robot” daxildir. Güc qurğusunun ümum hasilatı 305 at qüvvəsi və 480 Nm-dir. Ötürmə - ön oxadır. MG 6 XPower modeli 100 km/saat həddini 6,0 saniyəyə toplayır.
MG 6 XPower modifikasiyasının hibrid qurğusu dəyişilməsə də, avtomobil fərqli yayları və stabilizatorları olan asqıya, daha güclü əyləclərə və Michelin Pilot Sport Cup 2 şinləri taxılmış 18-düymlük disklərə sahib olub . Nəticədə, MG 6 XPower liftbeki baza hibridindən daha çox sürücüyönümlü olmalıdır.
Hər iki yeni modifikasiya yayın sonuna qədər Çin bazarında satışa çıxarılmalıdır. Yeni liftbeklərin qiymətləri hələlik açıqlanmayıb, lakin baza MG 6 modeli hazırda 14.700 dollardan, hibrid versiyası isə 21.900 dollardan başlayan qiymətlər ilə satılırlar. (c) Autograph.az