MG Mulan modelinin buraxılacağının Çində elan edilməsindən cəmi bir neçə həftə sonra, onun Avropada satılacaq versiyasının təqdimatı baş tutub. Burada hetçbek MG4 Electric adlanacaq və o, gözləniləndən daha tez satışa çıxacaqdır. Çin istehsalçısı MG4 modelini məhz Avropadakı alıcılıraın tələblərinə uyğun olaraq və SAIC konserninin Britaniya bölməsinin iştirakı ilə hazırlayıb. Çinlilər hetçbekin əsas bazarının Köhnə Dünya olacağından əmindirlər. Bunun üçün artıq bünövrə də yaradılıb: keçən il Avropada (Böyük Britaniya da daxil olmaqla) 52 min MG avtomobili satılıb.
Avropada MG4 Electric hetçbeki Nissan Leaf və Renault Megane E-Tech elektromobilləri ilə rəqabət aparacaq, lakin onun əsas hədəfi Volkswagen ID.3 hetçbeki olacaqdır. Çin hetçbeki alman rəqibi ilə eyni form-faktora və çox yaxın ölçülərə malikdir: onun uzunluğu 4287 millimetr, eni - 1836 millimetr, hündürlüyü isə 1504 millimetrdir. Təkər bazasının ölçüsü 2705 millimetrdir. MG4 modeli LED işıq texnikası və şüşə damı ilə də öyünə bilər.
İnteryerin ilk şəkli də dərc edilib və burada da MG4 Electric modeli bir çox cəhətdən Volkswagen elektrokarını təqlid edir. Sürücünün qarşısında cihazlar panelininkiçik ekranı, mərkəzdə isə, media sisteminin böyük displeyi və onun altında düzülmüş düymələr var. Amma əgər ID.3 modelində transmissyanın rejimlərini dəyişməyə cihazlar panelinin kənarındakı tutacaq cavabdehdirsə, MG4 modelində bu funksiya iri konsolda yerləşən fırlanan şaybaya həvalə olunub. Yeri gəlmişkən, adı çəkilən konsolda qadcetlərin simsiz doldurulması üçün platforma da var.
MG4 Electric modeli SAIC konserninin yeni Nebula modul platformasına əsaslanan ilk model olub. Qeyd etmək gərəkdir ki, platformanın adı da Avropa üçün "uyğunlaşdırılıb". Burada o, MSP, yəni Modular Scalable Platform adlanır.
Bu arxitektura 800 voltluq elektrik sisteminə və ən geniş sayda variantlara malikdir: təkər bazasının ölçüsü 2,65-dən 3,1 metr arasında, ötürmə - arxa oxa və ya tam, mühərriklərin gücü - 800 at qüvvəsi, batareyaların tutumu isə, 40-150 kilovat/saat arasında ola bilər. Beləliklə, qarşıda bizi bütöv bir elektrik avtomobil ailəsi gözləyir, özü də, istismar zamanı elektromobillərin batareyalarını daha tutumlu olanlara dəyişdirmək mümkün olacaqdır - əlbəttə ki, mövcud form-faktor çərçivəsində.
Volkswagen ID.3 hetçbeki kimi, yeni MG4 Electric modeli də arxa ötürməlidir və beşqollu arxa asqıya malikdir. Ön təkərlərin böyük dönmə bucağı elektrokarı yaxşı manevr qabiliyyəti ilə təmin edir: dönmə dairəsi 10,6 metrdir, baxmayaraq ki, ID.3 modelində bu göstərici bir qədər (10,2 metr) azdır. Bundan başqa, çəkinin oxlar arasında ideal şəkildə paylanması (50:50) vəd edilib.
Satışların başlanğıcında MG4 Electric modeli iki versiyada təklif olunacaqdır. Baza versiyası 170 at qüvvəli elektrik mühərrikinə, 51 kilovat- saat tutumlu dartma batareyasına və pasport üzrə 350 kilometrlik (WLTP) yürüş məsafəsinə malik olacaqdır. İkinci variant 204 at qüvvəli mühərrik və 64 kilovat-saatlıq batareya ilə təchiz ediləcək və 450 kilometrlik yürüş ehtiyatına malik olacaqdır. Belə hetçbek 100 km/saat həddini səkkiz saniyəyə toplayacaq, lakin onun maksimal sürəti 160 km/saat həddində məhdudlaşdırılacaqdır.
Sonradan, 450 at qüvvəsi və 600 Nm hasil edən ikimühərrikli güc qurğusu olan tamötürməli “qaynar” versiya da işıq üzü görməlidir. “Qaynar” hetçbek 100 km/saata sürətlənməyə 3,8 saniyə sərf edəcəkdir.
Elektrik hetçbeklərin Çindəki istehsalına yayın sonunadək başlanacaqdır. MG Mulan modelinin yerli bazardakı satışlarına payızın əvvəlində başlanmalıdır. Avropa üçün adaptasiya edilmiş MG4 Electric modelinin satışlarına isə, bu ilin dördüncü rübündə başlamaq planlaşdırılır.
Hələlik çin versiyasının təxmini qiyməti məlumdur: 200 min yuandan az, yəni təxminən 28 min avro. Avropa bazarında qiymətin fərqli olacağı aydındır, çünki Almaniyada Volkswagen ID.3 modeli 38 min avrodan, Renault Megane E-Tech isə, 37 min avrodan başlayan qiymətlərlə satılırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.